Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafı üçün hər cür şərait yaradılıb

Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafı üçün hər cür şərait yaradılıb

 

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan gəncliyi kreativliyə, yüksək intellektə və geniş dünyagörüşünə malikdir. Gənclərimiz dünyada ölkəmizi layiqincə təmsil edir, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Yüzlərlə azərbaycanlı gənc xarici ölkələrdə ali təhsilini başa vurduqdan sonra ölkəmizə qayıdır, əldə etdikləri bilikləri respublikamızda tətbiq edir. Bütün bunların əsasında ölkəmizdə aparılan uğurlu gənclər siyasəti dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin əsasında onlara göstərilən dövlət qayğısı əsas istiqamətdir. Ölkəmizdə gənclərlə iş sahəsində görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılmasına yeni imkanlar açır. Həmçinin gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlər gerçəkləşdirilir.

Respublikamızda mədəniyyət, incəsənət, elm, təhsil və idman sahəsində istedadlı gənclərin aşkar olunması, onlarla fərdi işin qurulması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq addımlar atılır. Perspektivli gənclərə göstərilən dövlət qayğısının səmərəliliyinin artırılması üçün mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, ustad dərsləri, sənətə baxış kimi tədbirlərin həyata keçirilməsinə üstünlük verilir, yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılır.

Dövlətimizin sabahı olan gənclərin diqqətinin elmə yönəldilməsi və bu sahədə fəaliyyətinin artırılması, gənc alimlərin imkanlarının üzə çıxarılması da həmişə prioritet məsələlərdən olub. Buna görə də ölkəmizdə respublika və beynəlxalq səviyyəli konfranslar, forumlar təşkil olunur.

Gələcək vəd edən gənclərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onları yeni uğurlara həvəsləndirmək üçün mükafatlar təsis edilir, hər il müxtəlif yaradıcılıq sahələri üzrə yüksək nailiyyətlər əldə etmiş istedadlı və yaradıcı gənclər mükafatlandırılır.

Ölkəmizdə gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində də mühüm addımlar atılır. Gənclərin sağlamlıq festivalları, mədəni-kütləvi aksiyalar, fiziki aktivlik təlimləri və maarifləndirici tamaşalar bunun bariz nümunəsidir. Sosial müdafiəyə ehtiyacı olan gənclər də həmişə dövlətin qayğısını üzərlərində hiss edirlər. Onlar üçün mütəmadi olaraq yay istirahət və reabilitasiya düşərgələri, yaradıcılıq festivalları və müxtəlif kurslar təşkil edilir. Respublikamızda gənclərin məşğulluğunun dəstəklənməsi və bu təbəqədən olan insanların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən hesab edilir.

Dövlətimiz gənclərin vətənpərvər ruhda böyüməsi, Vətənə olan ülvi sevgilərinin daha da gücləndirmək istiqamətində də misilsiz işlər görür. Etiraf etməliyik ki, gənclik hər bir millətin inkişafının təməlidir. Bu səbəbdən bir millətin mövcudluğu onun sağlam gəncliyi ilə əlaqələndirilir. Hər bir dövlətin müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin etibarlı təminatı məhz gənclərdən asılıdır. Hazırda gənclərin vətənpərvərlik tərbiyəsi ölkəmizdə xüsusilə aktuallıq kəsb edir. Çünki torpaqlarının 20 faizdən çoxu yağı düşmən tapdağı altında olan ölkəmizdə hər bir gənc Ali Baş Komandanın əmrinə hazır olmalı, torpaqlarımızın bir qarışının belə işğalçı Ermənistana güzəştə gedilməyəcəyini heç vaxt unutmamalıdırlar. Buna görə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin başlıca vəzifəsidir. Gənclərimiz anlamalıdırlar ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda inam hissini gücləndirir, onu qələbəyə ruhlandırır.

Hazırda Bakıda 5, regionlarda isə 40 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman infrastrukturunun gücləndirilməsi ölkəmizdə aparılan uğurlu idman siyasətinin bir hissəsi olmaqla yanaşı, gənclərin fiziki hazırlığının yüksək səviyyədə olmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət göstərir. Azərbaycanda idman infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülmüş işlər iri idman obyektləri ilə məhdudlaşmır. Son 10 ildə təkcə Bakı şəhərinin qəsəbələrində 9 idman zalı, mini-futbol və digər idman meydançaları, şahmat məktəbi tikilib istifadəyə verilib. Bu işlər, eyni zamanda, regionları da əhatə edib. Növbəti illərdə paytaxtın Səngəçal, Ələt, Qobustan, Qaraçuxur, Bülbülə, Türkan, Qala qəsəbələrində də bu kimi idman zalları və meydançaları tikilərək istifadəyə verilməsi nəzərdə tutulur. İdman sağlamlığın rəhnidir. Eyni zamanda, idman ölkənin təbliği, yeni dostlar və iqtisadiyyat mexanizmidir. Bütün bunları nəzərə alsaq, ölkəmizdə idman infrastrukturunun gücləndirilməsi respublikamızda idmanın kütləviliyinin təmin edilməsində, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi keçirməsində, gələcək idmançıların yetişdirilməsində mühüm rol oynayır. Hazırda Azərbaycanda növbəti Olimpiya İdman Kompleksi cəbhə bölgəsində yerləşən Tərtər şəhərində inşa edilir. Prezident İlham Əliyev fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bütün bunlar dövlətimizin başçısının gənclərin rifahının yaxşılaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili və pis vərdişlərdən uzaq olmalarına nə qədər ciddi yanaşmasından xəbər verir.

Yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycan cari il iyulun 21-27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu mötəbər yarış ölkəmizin təbliği və gənc idmançıların güclərini nümayiş etdirməsi üçün əsl fürsət olacaq. Xalqımız “Bakı 2015” ilk Avropa Oyunları və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qazanılan uğurlu nəticəni bu dəfə gənc atletlərimizdən gözləyirlər. Avropa Gənclər Yay Olimpiya Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını aşılamaq məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mötəbər turnirdə uğurla çıxış edən gənc atletlər gələcəkdə Avropa Oyunları, Olimpiya Oyunları kimi böyük mötəbər yarışlara qatılırlar. Festival Azərbaycan idmançıları üçün də sınaq yarışı olacaq. Çünki bu yarışda idmançılarımıza öz bacarıqlarını göstərmək üçün hər cür şərait yaradılacaq. Bu baxımdan festival yarışda iştirak edən idmançılar, xüsusilə milli atletlərimizin yetişməsində əhəmiyyətli rol oynayacaq.

Ölkəmizdə gənclərin sosial problemlərinin həlli də diqqət mərkəzində olub. Burada həmişə gənclərə dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun hər zaman diqqət mərkəzində saxladığı kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyaları təşkil olunur, xəstə və imkansız vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirilir. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Ölkəmizdə gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq əsas hədəflərdən biridir. Respublikamızda intellektual hərəkatın inkişafı və gənclərin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması üçün silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə gənclər arasında müxtəlif intellektual oyun növləri təbliğ edilir, ənənəvi oyun növləri üzrə respublika və beynəlxalq səviyyəli çempionatlar, yarışlar, turnirlər təşkil edilir, respublikanın müxtəlif regionlarında intellektual klublar yaradılır.

Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Səxavət Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Mənbə: azertag.az