Dünyaca məşhur Qarabağ atlarına doğru adlar verə bilirikmi?

Dünyaca məşhur Qarabağ atlarına doğru adlar verə bilirikmi?

“At igidin qardaşıdır” deyimi əsrlərdir öz etibarllığını qoruyan bir məfhumdur. Azərbaycan qəhrəmanlarının sədaqətli yoldaşı olan atların hər biri öz adları ilə tarixdə yaşayır. Nəinki Azərbaycan qəhrəmanlarının, şahlarının, eləcə də dünyanın ünlü fatehlərinin atlarının adı da tarixləşib.

Azərbaycanda tarixən bir neçə növ at cinsi yetişdirilib. Bu at növlərinin bütün dünyada məşhur olanı isə Qarabağ atlarıdır. Azərbaycan Respublikasında milli at cinsi olan Qarabağ atlarının şan-şöhrəti bütün dünyanı dolaşır. Məlum olduğu kimi, Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ bölgəsi olub və ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Tarixən Azərbaycanda Qarabağ atlarının “Maymun” (Xoşbəxt), “Qarnıyırtıq” və “Əlyetməz”, “Ceyran” (Gülgün) kimi növlərinin yetişdirilməsinə daha çox üstünlük verilib. “Sərdar”, “Sultan”, “Şah”, “Ağalar”, “Divar” və s. adlı Qarabağ atları Qarabağ xanlığı dövründə də çox məşhur olub. “Xan”, “Zaman”, “Sarvan”, “Qar-qar” kimi atlar da Qarabağ atının əbədi şan-şöhrətinin nişanəsidir.

Tarixən bütün dünyada fatehlər, qəhrəmanlar öz atlarına ad veriblər. Məsələn, Koroğlu Qırat, Dürat, Qaçaq Nəbi Bozat, Giziroğlu Mustafa bəy Alapaça, Həzrəti Əli Düldül, Makedoniyalı İsgəndər Busefal adlarını verdikləri atları tarixə çeviriblər.

Bu gün isə Azərbaycanda Qarabağ atlarına bəzən çox mürəkkəb, uzun adlar verilir. Qarabağ atlarına verilən adlardan biri Eyvazxanbəylidir. Qarabağ atına bu adın verilməsi 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılması ilə bağlıdır. Ancaq at adının bu qədər uzun olması bir qədər qəlizlik yaradır, həm də belə çətin adı yadda saxlamaq da müşkül məsələyə çevrilir.

Hazırda Qarabağ atlarına hansı adlar verilir? Onların adları düzgün seçilirmi?

  • Maarif Hüseynov: “Bu il doğulan qulunlardan birinə Qırat, o birinə isə Dürat adını vermişəm”

“Qarabağ Atçılıq Zavodu” MMC-nin direktoru Maarif Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, qulunlar doğulduqdan sonra onlara adlar verilir və bu adlar sənədləşdirilir. 2019-cu ildə “Qarabağ Atçılıq Zavodu”nda 61 baş qulunun doğulduğunu deyən M.Hüseynovun sözlərinə görə, qulunlara ad verilərkən onların rəngi, çəkisi, hərəkəti və sair nəzərə alınır. Zavodda doğulan bütün qulunlara özünün ad verdiyini deyən M.Hüseynovun sözlərinə görə, ad seçilərkən qədim adlarla yanaşı, müasir adlara da yer verilir. Bəzi qulunlara populyar olan xarici adların da qoyulduğunu deyən müsahibimizin sözlərinə görə, dünyada 265 cins at var ki, onun da 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ və Dilboz at cinsləri olduğunu deyən M.Hüseynov bildirdi ki, bu gün atçılıq zavodunda “Qarqar”, “Mercedes”, “Sevimli”, “Şan” və hətta adı “Spiçka” olan atlar da var. “Əvvəlki dövrlərdə belə bir qayda var idi ki, doğulan qulunlara analarının adlarının baş hərfi ilə başlanan adlar qoyulurdu. Tutalım, ananın adı Alagözdürsə, mütləq qulunun da adı həmin hərflə başlamalı idi. Amma yeni struktur yarandıqdan sonra doğulan qulunların sayı çoxaldı. Kənd Təsərrüfatı Nazirliyindən dedilər ki, qulunlara ən gözəl adları verin. Bəzən elə adlar qoyulurdu ki, onun mənası yaxşı olmurdu. Mən sonra yeni doğulan qulunlara gözəl kənd, şəhər, dağ, çay, maşın adları qoyuram. Qulunlara Amaliya, Tolya, Amaci kimi adlar da qoymuşam. Bu il 61 baş qulunumuz olub. Onların hamısının adını doğulduqdan iki-üç gün sonra vermişəm və adları damazlıqların bəslənmə jurnalında qeyd olunub. Qoşqar, Arpaçay, Sarıgül, Qızılgül, Bozat adları daşıyan qulunlarımız da var. Bir də qulunlara ad qoyularkən onların göstərdiyi ilk hərəkətləri də nəzərə alıram. Doğulan qulunlardan birinə Lovğa adı qomuşam. Bütün qulunların adını mən qoyuram. Bu il doğulan qulunlardan birinə Qırat, o birinə isə Dürat adını vermişəm. Eləcə də “Qarabağ Atcılıq Zavodu”ndan dünyanın müxtəlif ölkələrinə gedən atlara da mən ad vermişəm. Ata bircə dəfə ad qoyulur, o da qulun vaxtı. Ad verilir, çəkisi, rəngi müəyyənləşdirilir və invertarlaşdırılır. Bu sənəd qulunların “şəxsiyyət vəsiqəsidir”.

M.Hüseynov qeyd etdi ki, Qarabağ atlarına qoyulan adların arasında milli adlar üstünlük təşkil edir. Bununla həm tarixi adların yaşadıldığını deyən M.Hüseynov hesab edir ki, həm də qulunlara verilən adların sadələyi nəzərə alınır: “Çalışıram yeni doğulan qulunlara elə adlar verim ki, bu həm onların rənginə, xasiyyətinə uyğun olsun, həm də çox mürəkkəb olmasın. Atlara milli adların verilməsi daha düzgündür” - deyə M.Hüseynov qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com