Millət vəkilləri Mehriban Əliyevanı təbrik etdilər – Həm “dostluq” ordeninə, həm də növbəti doğum gününə görə

Millət vəkilləri Mehriban Əliyevanı təbrik etdilər – Həm “dostluq” ordeninə, həm də növbəti doğum gününə görə

Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Bu, çox əlamətdar və tarixi bir hadisədir. Bu münasibətlə Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, ictimai, siyasi fəaliyyətində, şəxsi və dövlət həyatında, işlərində növbəti uğurlar, müvəffəqiyyətlər, nailiyyətlər arzulayırıq. Mehriban xanım Azərbaycan naminə öz yorulmaz fəaliyyəti ilə bütün ali mükafatları, o cümlədən, dünyanın iki supergücündən biri olan qonşu və dost Rusiyanın ən yüksək dövlət ordenini – “Dostluq” ordenini sözün həqiqi mənasında tam haqq edir. Bu, onun əməyinin, zəhmətinin, fəaliyyətinin, xidmətlərinin bəhrəsidir, qiymətidir, nəticəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

Millət vəkili xatırladıb ki, M. Əliyeva, ümumiyyətlə, bu günə kimi, bir neçə nüfuzlu və aparıcı dövlətin,o cümlədən, mötəbər beynəlxalq qurumların ən ali mükafatlarına, orden və medallarına layiq görülüb:

“Mehriban Əliyeva 2008-ci ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, 2011-ci ildə Fransanın “Şərəf Legionunun Zabiti” dövlət ordeni, 2015-ci ildə isə Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, 2018-ci ildə isə İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə ilə təltif olunub. Eyni zamanda, onu qeyd edək ki, Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır. Bunlar da heç biri təsadüfi deyil. Çünki Mehriban xanım ictimai-siyasi-humanitar fəaliyyətə atılan gündən öz insanpərvər, xeyirxah, xoşməramlı addımları ilə seçilib, fərqlənib, tanınıb. Harada yerləşməsindən və harada yaşamasından asılı olmayaraq, dünyada yardıma, köməyə ehtiyacı olanlara kömək, yardım əlini uzadıb, onlara mərhəmət, şəfqət hissləri ilə, ədalət duyğusu, ana, bacı sevgisi ilə yanaşıb. Həm Heydər Əliyev Fondunun xətti, həm millət vəkili, həm də 2017-ci ildən Azərbaycan ilk Birinci vitse-prezidenti kimi rəsmi fəaliyyəti ilə ölkələr, dövlətlər, xalqlar, sivilizasiyalarası münasibətlərə, əlaqələrə öz misilsiz töhfələrini verib və bu gün də bu xətt ardıcıllıqla davam etdirilməkdədir.

Rusiya da bizim qonşu, dost ölkələrimizdəndir. Bizi tarixi əlaqələr, keçmişimiz biri-birimizə sıx tellərlə bağlayır. Bu gün iki dövlət və iki ölkə lideri arasında çox yüksək və bərabərhüquqlu münasibətlər mövcuddur. Elə bir sahə, elə bir məsələ yoxdur ki, orada əməkdaşlıq, tərəfdaşlıq olmasın. Bu münasibətlərin inkişaf etdirilməsində, bugünkü səviyyətə çatdırılmasında heç şübhəsiz ki, Mehriban xanımın da böyük xidmətləri, əməyi, zəhməti var. O da iki dövlət atasında münasibətlərin yüksələn xətt üzrə inkişafı prosesinə öz əməli töhfələrini verib və verməkdədir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə uzun illərdir ki, Rusiyada, onun şəhərlərində ən müxtəlif və yüksək səviyyəli layihələr həyata keçirilib və keçirilməkdədir. Bu yöndə misalları çox çəkmək olar, amma atalar məsəlində deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?!

Odur ki, Mehriban xanım öz yorulmaz fəaliyyəti ilə, o cümlədən, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsi baxımından Rusiyanın bu ali dövlət ordenini tam haqq edir. Bir daha onun təbrik edir, axırıncı yox, axarıncı olsun, deyirik”.

Eldəniz SƏLİMOV: Mehriban xanım bu gün dünyanın rəhm, mərhəmət, şəfqət, xeyirxahlıq mücəssiməsidir

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, M. Əliyeva bütün mükafatların, ali və fəxri titulların, ən yüksək orden və medalların hamısını haqq edir.

Onun dediyinə görə, çünki M. Əliyevanın fəaliyyəti o qədər çoxşaxəli, çoxistiqamətli, çoxtərəfli və müstəsnadır ki, bütün mükafatlar o fəaliyyətin, o əməyin, o zəhmətin kölgəsində belə qalır.

“Mehriban xanım öz fəaliyyəti ilə nəinki Azərbaycan cəmiyyətinin təqdirini, bütövlükdə dünyanın təqdirini, müsbət reaksiyasını, sevgisini qazanıb. Onun fəaliyyəti nəinki Azərbaycanla məhdudlaşır, əksinə, dünyanın hər bir yerində görünür, bilinir, tanınır, qiymətləndirilir. Bütün dünya Mehriban xanımın fəaliyyətini dəyərləndirir, müsbət qiymətləndirir. Çünki, bu, belə də olmalıdır. Çünki bunun arxasında, təməlində konkret fəaliyyət, rəhm, mərhəmət, xeyirxahlıq, şəfqət dayanır. Harada bir problem olan, humanitar problem, fəlakət yaşanan, yaranan kimi, ilk yardım əlini uzadan, şəfqət, mərhəmət göstərən məhz Mehriban xanım və illkədir onun ləyaqətlə, şərəflə təmsil, rəhbərlik etdiyi Heydər Əliyev Fondu olur. Mehriban xanım bu gün dünyanın rəhm, mərhəmət, şəfqət mücəssiməsidir. Təbii ki, bu fəaliyyət də öz dəyərini, qiymətini hökmən almalıdır və alır da.

Bu günə kimi, bir neçə dövlətin və beynəlxalq təşkilatın ən ali mükafatları, orden və medalları ilə təltif olunan Mehriban xanım xalqımız üçün son dərəcədə əlamətdar olan Qurban bayramı günlərində daha bir mükafatını, özü də haqq etdiyi mükafatını aldı, Rusiya Federasiyasının Prezidenti cənab Putinin Fərmanı ilə “Dostluq” ordeninə layiq görüldü. Bayramımıza daha bir bayram, daha bir əlamətdar hadisə qatılmış oldu. İnanıram və qəti şəkildə əminəm ki, bu mükafat, bu orden Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etməsinə və geridönməz xarakter almasına öz töhfəsini verəcək, iki ölkə və dövlət arasında münasibətlər inkişafın ən yüksək, pik həddinə çatacaq. Odur ki, bu münasibətlə Mehriban xanımı təbrik edir, ona yorulmaz fəaliyyətində növbəti uğurlar arzulayırıq.

Qarşıdan həm də daha bir əlamətdar hadisə-Mehriban xanımın növbəti doğum günü gəlir. Birinci lidemizi növbəti doğum günü münasibəti ilə də səmimi qəlbən təbrik edir, ona uzun, sağlıqlı ömürlər, müvəffəqiyyətlər, zəfərlər arzulayırıq. Mükafatınız, dəyəriniz və doğum gününüz mübarək olsun, Mehriban xanım”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Mənbə: moderator.az