Monarxiyalı gələcək, özü gəlməyəcək

Monarxiyalı gələcək, özü gəlməyəcək

«Müasir dövr» özünün doqmalardan təmizləndiyini, yaxud ən azından təmizlik işlərinin ilbəil sürətləndiyini bəyan edir. «Bütün doqmaların kənara atılması» – XXI əsr bununla səciyyələnir. Dini, ictimai, siyasi – hansı olur olsun, bütün buxovlardan azad olmalı, hər şey təhlil edilməli, cərrah skalpelindən keçirilməlidir, baxıb görməliyik içində nə var. Qısası, toxunulmaz mövzü qalmamalıdır.

Əslində göründüyü, ya da iddia olunduğu kimi də deyil. Düzdür, hər şey sorğulana bilər, bircə yeni çağın yeni standartlarını diqtə etməyə iddialı liberalizm/neoliberalizm və onun dəyərlərindən başqa. Ən yekə totalitarizm bunların özüdür. Arif olan, nə demək istədiyimi anlar.

Siyasi savadım yoxdur, sıradan vətəndaşam, burada yalnız müşahidələrimi bölüşürəm. Əgər müşahidələrim məni yanıltmırsa, bizim cümhuriyyətçilər, liberallar, lap elə solçuların özü, elktoratı «keçmişin bla-bla-bla»sından xilas etmək istəyirlər, yəni təklif elədikləri paketdə bu da yer alır. Onlar gəlsələr bizi keçmişin zəncirlərindən qurtaracaq, ölkədə hər fikrə, hər mövqeyə hörmət və yer olacaq, müxtəlif səslərin simfoniyasında, bəlkə də kakofoniyasında yaşayacağıq.

Fərz edək ki, «diktatura» artıq devrilib, çoxsəsli bir cəmiyyət qurulub, mənə də səsimi ucaltmağa, fikrimi səsləndirməyə icazə verilib. Bir söz deyə bilərəm? Olar? Təşəkkür edirəm.

Hörmətli vətəndaşlar!

Mən, Azərbaycanda orta təbəqəni təmsil edirəm. Prezidentə, hökumətə loyalam, siyasi kursdan +/- razıyam. Buna baxmayaraq, Azərbaycanda konstitusion monarxiya qurulmasının tərəfdarıyam. Bəli, nə az, nə çox. Tərəfdarıyam deyəndə ki, bunu reallaşdırmağa qadir siyasi qüvvəyə səs verərəm (seçki günü ərinməsəm, səsverməyə getsəm). Yoxsa özüm nə Monarxistlər Partiyası quranam, nə də qurulsa üzv yazılan. Solçusundan sağçısına – hər kəsin fikrini ifadə etdiyi, hökumətimizin ünvanına çox ağır tənqidlər səsləndirdiyi bu platformada, siyasətdən uzaq passiv elektoratın nümayəndəsi olaraq düşüncələrimi bölüşürəm və opponentlik gözləyirəm. Hələ ki, opponent çıxmayıb, əvvəlki üç yazım isə AzLogos-da «Ən çox oxunanlar»ın ilk üçlüyündə qərar qılıb. Bağışlayın, təqdimatda qüsur oldu – siyasətdən uzaq passiv elektorat və narsist.

«Yazılmamış qanunlar», «camaat nə deyər», «ictimai sektorun kövrək ürəyi» arqumentlərini hərləmədiyim üçün, bizim dövlətin qanunlarını ələk-vələk elədim – bir vətəndaşın bu fikirdə, bu arzuda olması cinayət deyilmiş. Bundan daha da cəsarətlənib, Azərbaycanda monarxiyanın qurulmasını «arzuolunmaz hallar» siyahısında görmədiyimi bildirirəm. Əksinə, arzuolunan ssenarilər siyahısında, Azərbaycanda konstitusion monarxiya quruluşu olmalıdır.

«Baba, why not, ha?»

Bakıdakı bir ərəb tanışımın sözü olmasın, doğrudan da «why not?»

Kim deyib, harada yazılıb ki, «XXI əsrdə monarxiya haqda düşünmək, danışmaq olmaz»? Xüsusən də Azərbaycanda, bir azərbaycanlı üçün? Dünya siyasi xəritəsi doludur monarxik dövlətlərlə. Həmin ölkələrin göstəricilərinə baxsaq – aralarında yaxşısı da, pisi də, kasıbı da, varlısı da, demokratik olanı, olmayanı da var. Deməli, ölkənin yaşanılan, vətəndaş üçün dəyərli bir coğrafiya olub-olmaması, həmin ölkənin monarxik olub-olmamasından birbaşa asılı deyil. Deməli bütün bu monarxofobiyalar əslində sadəcə monarxiyaya qarşı illərdir, deyərdim bir əsrdən artıq müddətdir aparılan təbliğatın nəticəsidir.

Monarxiyadan bir xortdan düzəldiblər. Bəlkə elə deyil? Monarxiya adı gələndə cin vurmuşa dönən əziz xalqımızın dözümsüz nümayəndələrini anlaya bilmirəm. Azərbaycanda hər üç evdən ikisində mini-monarxiya çoxdan qurulub. Uğurla da fəaliyyət göstərir. Bizim xalq özünü «kiçik ailələrdən ibarət böyük ailə» hesab edirsə (etmirsə, dünya siyasi xaritəsində nə işi var?), ona ailəsindən çox-çox yaxşı tanış olan narrativləri, dəyərləri, mövzuları, adətləri təcəssüm etdirəcək lideri dövlətin zirvəsində niyə görmək istəməsin?

Dövlətin canlı simvolunun olması, bu xalq üçün təbii olmazdımı? Azərbaycanlıların zəngin milli, tarixi və dövlət rəmzlərini özündə əks etdirən modern memarlıq üslubunda inşa edilmiş Kral sarayımız; ailəmizdən və cəmiyyətdaxili münasibətlərdən bizə çox-çox yaxşı tanış olan seremoniyalarımız, hər kəsin konsensusla qəbul etdiyi ierarxiya və s. kimi gözəlliklər, bizi doğrudan da birləşdirən dəyərlər niyə olmasın? Bu fikrin müzakirə olunmasına doğrudanmı ehtiyac yoxdur?

«Böyük-kiçik bilmək»liyimiz haqda, hər yerdə pəh-pəhlə, fəxrlə danışırıq. Böyük şəhərlərdə adətlərdə aşınma olsa da, ümumən bizim gənclik də bilir ki, böyük içəri girəndə ayağa qalxmaq lazımdır. Bunu bir arxetip kimi onun beyninə artıq yeridiblər, özünün qalxıb-qalxmamağı heç vacib də deyil. Qərbdə isə doğrudan da, heç bir gənc ayağa qalxmır, hətta belə bir şeyi təsəvvür etmir. Ətinizi ürpərdəcək bir misal çəkim, avropalıdan fərqinizi görəcəksiniz – dostunuzla oturub yemək yeyirsiniz, çay içirsiniz və birdən atası/anası otağa girir. Ayağa qalxdığınızda yaşadığınız o qəribə duyğunu xatırlayın. Sizi azərbaycanlı edən həmin «kod»dur.

Biz, sevə-sevə ayağa qalxırıq

Qısa olsa da, bir «saray seremoniyası» kimi təsəvvür edin. Sən də bu seremoniyanın iştirakçısı olduğun üçün, lap durub baş əysən də, özün öz gözündə böyüyürsən. Görəsən niyə? Yeniyetmə olsan belə gördüyün işin ciddiliyindən, bir «ayin»də iştirakdan nə üçün mənəvi həzz alırsan?

Kim deyib ki, Qərbin bütün tendensiyaları, ideyaları, dəyərləri və standartları doğrudur və bizə lazımdır? Elə şeylər var ki, lazım deyil və maksimum çalışmalıyıq ki, robotlaşmayaq, insan qalaq. Beləliklə biz, iyerarxiyaya çox təbii tabe oluruq, mahiyyətimiz şərqlidir, bəs niyə özümüzü monarxiyaya münasibətdə fransız inqilabının sadiq nəfərləri kimi aparırıq?

Müşahidələrimə görə, cəmiyyətimiz şəxsiyyət parçalanmasından əziyyət çəkir. 20-ci əsrin əvvəlində, bir qrup eyni dəyərləri paylaşan insanın təşəbbüsü ilə qurulan Azərbaycan Cümhuriyyətinin iki ilə yaxın tarixi, bizi qəribə bir vəziyyətə salıb. Bu tarix bizim üçün çox-çox əzizləşib və do(q)malaşıb, dini mənsubiyyətə çevrilib. Bizim «müsəlmançılıq»ımız kimi.

Bir dəfə, fransız dili müəlliməm Fransa səfəri haqda danışarkən, belə bir ifadə işlətmişdi: «Ah, mən necə də katolik kilsələrini sevirəm… Ax qərb kilsə musiqisi necə də gözəldir, necə də ürəyimə yatır…» sonra isə birdən-birə sifəti dəyişdi, elə bil nədənsə qorxdu və təlaşla: «Amma mən əlbəttə ki, müsəlmanam, necə deyərlər qurban olaram Allaha…» Özünüzü olmasa da, bir yaxınınızı yəqin ki, mənim müəlliməmdə tanıdınız?

İndi bizim cümhuriyyətçiliyimiz, demokratlığımız, liberallığımız, daha nələrimiz nələrimiz də belədir – «amma mən əlbəttə ki cümhuriyyətçiyəm, necə deyərlər, Rəsulzadəyə, ADR-ə qurban…» Halbuki, o «amma»dan öncə nələr var, nələr. Fərqli həyat, fərqli dünyagörüşü, fərqli təcrübə, fərqli gözləntilər…

Yox, əlbəttə, bizi zorlayan, məcbur edən yoxdur. Ortodoks ayininə bənzər həyat liturgiyamızı, həyat seremoniyamızı yaşayırıq; adətə, ənənəyə görə durub-otururuq, hörmətlə baş əyirik, hökmə tabe oluruq, nəyisə mütləqləşdiririk, kimisə müqəddəsləşdiririk, bir sözlə – bildiyimiz, istədiyimiz kimi yaşayırıq, amma bir şoğərib an gəlir ki, oyunbazlıq, ədabazlıqla diksinib «amma mən əlbəttə demokratam, monarxiya nədir, monarxiya qurmaq istəyənlərə ar olsun» deyir, həyatımıza qaldığımız yerdən davam edirik.

Nədir azadlıq? 80-lərin sonundan bugünə kimi «azadlıq» qışqırırıq. Azadlıq – bir millətin özünün təbii mühitində, ona xas dünyagörüşünün, dəyərlərin paylaşıldığı cəmiyyətdə yaşaması, ifadə etməsi və səyahət hüququna malik olması deyilmi? Bu baxımdan Azərbaycanda kim azad deyil? O çatışmayan azadlıq çatışsa azərbaycanlılar neynəyəcəklər? İlə 5 Nobel mükafatı almağa başlayacaqlar?

Your Royal Highness, prince of Azerbaijan. We are honored to welcome you here in United States…

Mənim, Azərbaycanın rəmzinin ABŞ-da məhz bu cür, bu sözlərlə qarşılanmasına etirazım yoxdur. Bu cümlələr sizi qıcıqlandırırsa, xalqımızı düşünün. TV-nin qarşısında əyləşən xalqımız buna baxıb «Fəxrimiz!» deyəcək, qürurlanacaq. Bir daha deyirəm – Qərbin güdümündə olan ictimai sektorun və onun «faydalı idiotlarının» oyunbazlıqlarına aidiyyatı olmayan xalqdan, yəni 99%-dən gedir söhbət. Şəxsən mən, bu xalqın nümayəndəsi olaraq, belə düşünürəm.

Bu yaxınlarda İlqar Məmmədov AzLogos-a müsahibəsində «Xilaskar axtarışı diktaturanın birinci addımıdır» deyə, bir fikir söyləmişdi. İlqar bəy haqlıdır, düz deyir. Amma yəgin özü də bilir ki, bu xalq «всё равно» xilaskar axtaracaq. Çünki, əslində axtardığı xilaskar deyil, ədalətli və sərt şahdır. İlham Əliyevə etirazların kökündə, azərbaycanlıların bir fəryadı durur: «Axı sən niyə daha sərt, daha acımasız, daha adil, daha qəddar, daha zəhmli deyilsən!».

Varlığı ilə xalqın varlığını təsdiqləyəcəq, xalqı ekzistensial böhrandan çıxaracaq canlı bir simvol axtarışındadır xalq. Xalqın bu sifarişini görməzlikdən necə gəlmək olar, başa düşmürəm.

Başqa bir məqam. Müstəqilliyimizin ilk illərində bizi qızışdıran, ruhlandıran, ilhamlandıran söhbətlərdən biri «ADR» idisə, digəri (heç də az əhəmiyyətli olmayan) qədim tarix idi. Xanlarımız, özümüzünki saydığımız Sirvanşahlar, Səfəvilər, Qacarlar idi. Biz, tariximizdə öz hökmdarlarımızın olmasına çox həssas yanaşırıq. «Şah İsmayıl Xətai sizin deyil, İranındır», «Ağa Məhəmməd şah Qacar sizin deyil, İranındır» deyənləri düşmənimiz bilirik, onlardan inciyirik, qəzəblənirik, hökmdarlarımıza sahib çıxmaq üçün qabağa atılırıq.

Sabah, işdi-şayəd tacqoyma mərasimimiz keçirilsə və şahımızın dilindən: «Bu taxta çıxarkən mən, Səfəvi Xətai, Qacar Fətəli xatirəsinin qarşısında and içirəm ki…» sözləri səslənsə, Azərbaycanda milyonların gözündən yaşlar sel olub axmayacaqmı? Nəhayət, nəhayət ki, forma ilə tərkibin xüsuməti bitdi, ikiləşməyə son, dürüstlük və səmimiyyət erası başladı! Ura! Nəhayət düşmənlərimizə, bizə yuxarıdan aşağı baxanlara deyəcəyik ki, «baxın, inanmırdınız, gülürdünüz, amma budur, biz Səfəvi, Qacar, Şirvanşahlar övladıyıq və kimliyimizə sadiq qalaraq, şahımızı taxta çıxardıq».

Nəhayət, real-politik. Xəritədə Azərbaycanı görmüsünüz. Bizim gözümüzdə o, iri qanadlarını açıb, qürurla süzən nəhəng qartaldır. Lakin, bir az da yuxarıdan baxsaq görəcəyik ki, qartal yox, nəhəng qonşuların gövdələri arasında sıxışmış və Xəzərin sahilinə sığınmış ürkək bir göyərçindir (burda məni ağlamaq tutdu, kövrəldim).

Adamın bu quşdan soruşmağı gəlir: «Ay bala, burda nə gəzirsən, atan-anan hanı sənin?» Siz də Azərbaycanın balaca olmağına baxmayın, həqiqətən qədim torpaqdır, ağıllıdır, hazır cavabdır. Qayıdıb deyir ki, «Neyləməliyəm? Oturmuşam burada, bu yekəpərlərin maraqlarını balanslaşdırıram, hələ okenanın o tayındakı lotunu demirəm. Mən, elə buna görə varam, buna görə sərhədim, bayrağım, herbim, himnim var ki, bu yekəpərlər bir-birlərini didməsinlər. Düzdü, bir az o yan-bu yan olan kimi, ya qanadım yolunur, ya gözümün altı göyərir, amma həyatdır da, yaşayıram. Var olmaq, olmamaqdan yaxşıdır…»

Əlbəttə yaxşıdır. Amma bunu təmin etmək üçün gərək xarici və daxili siyasətin ehtiyatlı, davamlı olsun. Oturduqları divanlardan Rusiyaya, İrana gündə 100 dəfə müharibə elan edənləri qoyaq bir qırağa, həqiqətən Azərbaycan Azərbaycan olaraq bundan başqa nə edə bilər ki, həm var olsun, həm də, millətini hər 5 ildən bir, ət maşınından keçirməsinlər? Sələflik məsələsi özünü yalnız konstitusion monarxiya formasında ifadə edə bilər, odur ki, mütəmadi dəyişilən, seçilən icra hakimiyyətinin, parlamentin üstündə dəyişilməyən, zəmanət funksiyası daşıyan bir simvol dayanmalıdır. Həm monarx ailəmiz olacaq, həm də seçki-seçki oynayıb qurdumuzu öldürəcəyik. Nəyi pisdir?

Bəs Azərbaycanda monarx olmaq istəyən varmı?

Təəssüf ki, yoxdur. Monarxiyanın ən birinci əleyhdarları, elə indiki prezident və xanımıdır. Onlar hər nə qədər xalqın tələbi və mandatı ilə xalqla şirinlik eləsələr də, bu fikirdən uzaqdırlar, əksinə artıq ənənəvi müxalifətlə bir yerdə ADR sevdalısına çevriliblər. Yəni meynstrimi, siyasi trendləri rədd edin o tərəfə, ciddi müzakirə aparırıq – Azərbaycan hakimiyyəti monarxik deyil, olmaq da istəmir. Təəssüf ki, istəmir. İstəsəydi, lap bu qədər də qərbpərəst olmazdı, Azərbaycan hakimiyyəti isə çox qərbpərəstdir.

Özü də hansı Qərb… Adamı yandıran odur ki, kralın ailəsini, zadəganları, cəmiyyətin qaymaqlarını, din xadimlərini küçədə qanına qəltan edərək; «Bərabərlik, Azadlıq, Qardaşlıq» qışqıraraq yüzminlərin həyatı bahasına yeni sistem təsis edən Qərb. Bir daha deyirəm – kral ailəsinin, zadəganların, cəmiyyətin qaymaqlarının, din xadimlərinin qətli, yəni azərbaycan xalqının şüurunda toxunulmaz, ehtirama, hörmətə layiq olan təbəqənin vəhşicəsinə yox edilməsi. «Bərabərlik, Azadlıq, Qardaşlıq» şüarı ilə böyük-kiçik, mənəviyyat, pərdə – bütün dəyərlərin üstündən xətt çəkən Qərb. Qərb belə ikən, xüsusilə bu gün bütün maskalar düşmüşkən, bizim hakim ailə monarx olmaq istəmir və tarixdə mütərəqqi, müasir bir hakimiyyət kimi qalmaq istəyir. Guya, monarxiya bunları istisna edir.

Sonda, yuxarıda qeyd etdiyim xalqımızın şüur tərkibinin, dövlət quruluşu ilə ahəng təşkil etməsini hamımıza arzu etməklə yazımı nöqtələyirəm. Mən, səmimi qəlbdən inanıram ki, Azərbaycanın var olmasının, millətin təhlükəsizliyinin təmininin mütləq şərtlərindən biri siyasi astalıq, «neyrocərrahlıq», siyasi sələfliyi təmin edən sistemin, hakimiyyət formasının qurulmasıdır.

Mənbə: azlogos.eu