Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

Mərv döyüşü - 2 dekabr 1510-cu ildə baş verib və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanıb. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin, indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri).

Şeybanilər təxminən 1495-ci ildə Mavərənnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) dövlətinin torpaqlarına qatdı. Həmin zaman Xorasan Şeybanilərin nəzarəti altında idi.

Şah İsmayıl 17 min nəfərlik qoşunla Mərvə gəldi. Şeybani xanı özbək qəbilələrindən əlavə yardım gözləmək üçün Mərv qalasına çəkildi. Şah İsmayıl döyüşü səhrada keçirmək üçün ağıllı hərbi-strateji hiylə işlətdi, guya şeybanilərdən qorxaraq geri çəkilir. Özbək sərkərdələri bunu başa düşüb Şeybani xana qaladan çıxmağı məsləhət görmədilər. Amma Şeybani xan buna qulaq asmayıb onu təqib etmək üçün qalanı tərk elədi, beləcə, Səfəvi ordusu tərəfindən məğlubiyyətə uğradılıb öldürüldü.

Mərv döyüşü və Səfəvilərin hərbi taktikası, Şeybani xanın Şah İsmayıla yazdığı məktub barədə məlumatı Oxu.Az-a tarixçi-alim Kərəm Məmmədli verib.

Şeybək xan Xorasan vilayətini istila etdikdən sonra Xaqana (Şah İsmayıla) bir ədəbsiz məktub göndərmişdi:

"Sultanlığımızın sonsuz qayğısı ilə xüsusi şərəfə layiq görülmüş İsmayıl daruğaya bəlli olsun ki, məmləkət işlərini həll etmək, ölkələri fəth edib düşmənləri məhv etmək, rəhbərlik sədası və xilafət nidası qeybdən bizə yetişmişdir…

Daha sonra, mübarək Məkkənin ziyarət edilməsi İslamın başlıca ayinlərindən biri olduğu üçün bütün müsəlmanlar böyük Kəbəyə aparan yolları qaydaya salmağa borcludurlar. Bizim qalibiyyətli əsgərlərimiz ziyarət şərəfinə nail olmaq istəyirlər.

Ona görə də töhfələr və hədiyyələr hazırlamalı, sikkələri bizim xoşbəxt adımıza zərb etdirməli, cümə məscidlərində bizim cahangir adımıza xütbə oxutdurmalı və özün bizim uca taxtımızın ayağına gəlməlisən… Elan edin ki, müqavimət yeriniz hansı məkan olacaqdır. Vəssəlam!"

Şeybək xan daim ağzını açıb, "tezliklə İraq və Azərbaycan hüduduna qoşun çəkəcəyik və o məmləkətin işğalından sonra Hicaza hərəkət edəcəyik", – deyə boş-boş sözlər danışırdı.

Bu arada, İsgəndər şanlı xaqan 916-cı il şaban ayının 20-də (22.11.1510) cah-cəlalla Mərvin ətrafına gəldi. Qızılbaş ordusunun igidlərindən Div sultan Rumlu, Çayan sultan Ustaclu, Piri bəy Qacar, Badıncan sultan Rumlu, Zeynal xan Şamlu və Mirzə Məhəmməd Talış bir dəstə dilavərlə şücaət qılıncını sıyırıb darvaza üzərinə basqın etdilər və şeypur çaldılar. Adlı-sanlı əmirlər atlara minib düşmənlərə sarı üz tutdular. O tərəfdən bir dəstə özbək onların qarşısına gəldi...

Şah İsmayıl bir neçə gün Mərvi mühasirə etdikdən sonra fəth və qələbə qapısı onun üzünə açılmadığı üçün könlündən keçdi ki, bir köç mənzili geri otursun, beləliklə, Şeybək xan cəsarətlənib Mərvdən çıxsın və o zaman geri qayıdıb onun işini bitirsin...

Şeybək xan zəfər nişanlı qoşunların çıxıb getdiyini bildiyi (öyrəndiyi) zaman elə zənn etdi ki, o həzrət İraq və Azərbaycan hüdudunadək köhlən atının yüyənini dartmayacaqdır. Birinci gün ehtiyat edərək Mərvdən çıxmadı və özünün dövlət xadimləri ilə məşvərət etdi. Böyük əmirlərdən olan Qənbər bəy və Canvəfa mirzə ərz etdilər:

"Yaxşısı budur, daha iki-üç gün gözləyək ki, Übeyd xan və Teymur sultan bizə qoşulsunlar. Ondan sonra qaladan çıxarıq. Çünki qızılbaşların köç etməsi zəiflikdən deyil, hiyləgərlikdəndir".

Bu sözü eşidən Şeybək xan lovğalıq və qürur hissinə qapıldığı üçün onlardan incidi və söyməyə başladı. Qənbər bəy və Canvəfa mirzə susdular. Şeybək xanın arvadı Moğol xanım dedi:

"Siz dəfələrlə İsgəndər şanlı xaqana təhdidlə dolu məktublar göndərib onu döyüşə çağırdınız. O, yorulub əldən düşmüş ordusu ilə uzaq yoldan Mərvə gəldi və siz namussuzluq torpağını başınıza töküb şəhərdən çıxmadınız. İndi artıq dövlətin faydası ondadır ki, könlünüzdə qorxu-hürküyə yol verməyib qüvvətli bir ürəklə müharibə meydanına gedəsiniz. Çünki qorxaqlıq və ürəksizlik kişilər üçün eyibdir".

Moğol xanımın sözündən Şeybək xanı qeyrət təri bürüdü. Cümə gününün səhər vaxtı o, ağacların yarpaqları və yağışların damcıları qədər çoxlu ordu ilə qala darvazasından çıxdı. Döyüşməyə gücünün və müqavimətə taqətinin olmamasına baxmayaraq, nakam bir şəkildə özünü timsahın ağzına atdı.

Savaş Səfəvilərin qələbəsi və Şeybani xanın öldürülməsi ilə nəticələndi. Bu qələbədən sonra Səfəvilər Xorasanı da nəzarətə götürdülər…

Mənbə: www.oxu.az