Zərərçəkmiş: "Oğlumu vaxtında xəstəxanaya aparsaydılar, sağ qalardı"

Zərərçəkmiş: "Oğlumu vaxtında xəstəxanaya aparsaydılar, sağ qalardı"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxsin anası ifadə verib. O bildirib ki, oğlu xəsarət alandan sonra vaxtında xəstəxanaya çatdırılsaydı, sağ qalardı. "Yanında olan dostları oğlumu saatlarla Sumqayıtda gəzdirib, sonra Bakıda xəstəxanaya gətiriblər. Xəstəxanada 20 dəqiqə sonra isə deyiblər ki, Faiq ölüb. Heç olmasa, Sahib özü vurandan sonra xəstəxanaya aparaydı. Sahib, niyə aparmadın oğlumu?"

Təqsirləndirilən S.Nadirov bildirib ki, xəsarətin ağır olduğunu bilməyib.

Növbəti proses sentyabrın 20-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində baş verib. Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Mənbə: report.az