70 yaşlı qadında beyin qan axını tam bərpa edilib

70 yaşlı qadında beyin qan axını tam bərpa edilib

Müayinə zamanı 70 yaşlı qadında beyni qidalandıran ən önəmli damar olan daxili yuxu arteriyasının 95 faiz daralması ilə yanaşı, ürəyin koronar arteriyalarında da ateroskleroz səbəbi ilə çoxlu daralmalar aşkar edilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) bu cür kompleks-multisistem patologiyaları mövcud olan xəstələrdə mütləq edilən multidissiplinar konsilium nəticəsində xəstənin ən az fəsadla və ən tez sağlamlığına qovuşmasını təmin edən müalicə taktikası seçilib və planlaşdırılan ürək arteriyası şuntlama əməliyyatının əvvəlində, yüksək insult riskini aradan qaldırmaqla, daxili yuxu arteriyası daralmasının müasir endovaskulyar əməliyyatla müalicəsi edilib.

RMDM-in unikal hibrid (angioqrafiya+əməliyyat) salonunda bu cür endovaskulyar cərrahi əməliyyatları Azərbaycanda ilk həyata keçirən Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, prof. Ahmet Memiş və uzman invaziv radioloq Ağakişi Yəhyayev tərəfindən sadəcə bud arteriyasının lokal keyidilməsindən sonra 2 mm-lik iynə dəliyindən girilərək beyin arteriyası dünyada ən müasir üsul olan “beyin qoruyucu mikrofiltr+stent angioplastika” ilə 100 faiz açılıb və beyin qan axını tam bərpa edilib. Pasiyent əməliyyatın səhəri günü evə yola salınıb.

Prof. Ahmet Memiş bildirib ki, erkən diaqnoz sayəsində insultun qarşısını alan profilaktik əməliyyatlar və ya heç arzulanmadığı halda qarşılaşdığımız kəskin insult fazasında icra edilən “trombektomiya – trombun damar daxilindən sorulması” əməliyyatları müasir dövrdə 3-cü ən böyük ölüm və 1-ci ən böyük əlillik səbəbi olan “qalıcı insult” xəstəliyinin qarşısını almaqda müasir tibbin ən böyük nailiyyətidir.

Mənbə: faktor.az