DST Avropa ölkələrini səhiyyə sahəsində qeyri-bərabərliyi azaltmağa çağırır

Bakı, 11 sentyabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatında (DST) aparılmış hesablamalara görə, səhiyyə sahəsində qeyri-bərabərliyin 50 faiz azaldılması ölkələrə 4 faizə qədər iqtisadi mənfəət gətirə bilər.

AZƏRTAC xəbər verir ki, təşkilatın yeni məruzəsində göstərilən rəqəmlərə görə DST-nin Avropa regionuna daxil olan 53 ölkədə tibbi xidmət sahəsində qeyri-bərabərlik son vaxtlar ya əvvəlki səviyyədə qalıb, ya da pisləşib. Məsələn, regionda ömrün orta uzunluğu artaraq qadınlar arasında 82 yaşa, kişilər arasında 76 yaşa çatıb, lakin əhalinin ən yoxsul təbəqələri arasında bu göstəricilər qadınlar arasında 7 yaş, kişilər arasında 15 yaş aşağıdır.

Ömrün uzunluğu və sağlamlıq vəziyyəti həm də insanların yaşadığı məkandan asılı olaraq dəyişir: iqtisadi cəhətdən firavan rayonlarda insanlar daha çox yaşayır. Qeyri-firavan regionlarda bir yaşa çatmadan ölən körpələrin sayı digər regionlarla müqayisədə 4 faiz çoxdur.

Məruzədə qeyd edilir ki, əhalinin ən yoxsul təbəqəsinə aid 20 faizi arasında insanların gündəlik fəaliyyətlə məşğul olmaq qabiliyyətini məhdudlaşdıran ağır xəstəliklərdən əziyyət çəkənlərin sayı ən yaxşı təmin olunmuş təbəqəyə aid 20 faizlə müqayisədə 2 dəfə çoxdur.

DST-nin Avropa Bürosunun direktoru Jujanna Yakab deyib: “Səhiyyə sahəsində qeyri-bərabərlik haqqında məruzədə öz əksini tapmış mühüm məlumatlar və tövsiyələr hökumətlərin bu vəziyyətlə mübarizəsinə və qısa müddətdə, hətta hökumətin mövcud olduğu bir müddət, yəni 4 il ərzində səmərəli nəticələrə nail olmağa kömək edər”.

Məruzə müəllifləri əhalinin bu və ya digər qrupunun səhhətinə təsir göstərə biləcək amilləri açıqlayıblar. Buraya, məsələn, gəlirlərin və sosial müdafiənin səviyyəsi, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, habelə əmək və məişət şəraiti kimi amillər daxildir.

Ekspertlər qeyd edirlər ki, son 15 ildə Avropa ölkələrinin təqribən yarısında əlyetərli mənzil bazarına investisiyalar azalıb. Nəticədə əhalinin yoxsul təbəqələrinin nümayəndələrinin çoxu qeyri-məqbul şəraitdə yaşayır, bu isə onların səhhətinə təsir göstərməyə bilməz.

Jujanna Yakab deyib: “Məruzədə səhiyyə sahəsində bərabərliyə nail olmağın və regionda insanların həyatını yaxşılığa doğru dəyişməyin üsulları izah edilir”.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İskəndər Cavadov: "Xorvatiya ilə heç-heçəyə görə mükafatın verilməsində qeyri-adilik yoxdur"

SONRAKI XƏBƏR

Paşinyan əsəbidir, özündən tez çıxır