Göyçay körpüsündəki çat tıxaca səbəb oldu

Göyçay körpüsündəki çat tıxaca səbəb oldu

Bakı- Şamaxı- Yevlax yolunun Göyçaydan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb. Buna səbəb Göyçay çayının üzərində olan körpüdə çat yaranması olub. Səhər saatlarından etibarən yolda təmir işlərinə başlanılıb. Təmir səbəbindən yolda böyük tıxac əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yolda təmirə səbəb körpünün yanaşma yolunun asfalt örtüyü ilə köhnə asfalt örtüyünün birləşmə hissəsində, birləşmə boyu yaranan xırda çatlar olub.

“Bu səbəbdən sözü gedən əraziyə texnika cəlb edilərək çat olan hissənin asfalt qatı yenilənir. Çünki yağışlı havalar zamanı həmin çatdan yolun aşınma layının altına sızması baş verə bilər. Bu isə öz növbəsində aşağı asfalt-beton layların dağılmasına səbəb ola bilərdi. Bu səbəbdən qabaqlayıcı tədbir olaraq həmin hissədə asfalt örtüyünün yenilənməsi vacib idi”.

Onun sözlərinə görə, körpüdə hər hansı bir narahatlıq yoxdur. Asfalt qatı yeniləndikdən sonra sürücülər sözü gedən körpü üzərindən rahat hərəkət etməyə davam edə biləcəklər.

Xatırladaq ki,Göyçaydan keçən eyni adlı çayın üzərində olan körpü ötən ilin yay aylarında uçaraq dağılmışdı. Sonradan körpü əsaslı şəkildə yenidən tikilərək istifadəyə verilib.

Mənbə: qafqazinfo.az