Dərs başlayır: Tələbələrə nə qədər təqaüd verilir? - MƏBLƏĞ

Dərs başlayır: Tələbələrə nə qədər təqaüd verilir? - MƏBLƏĞ

Hər il ödənişsiz əsaslarla universitetlərə qəbul olan abituriyentlər tələbə olaraq bir semestr ərzində əlaçı təqaüdü alırlar.

Semestr sonunda isə dövlət sifarişli təhsil alan abituriyentlərin sayına uyğun olaraq imtahanda ən yüksək nəticəni göstərən tələbələrə təqaüd verilir, artıq burada abituriyentin ödənişli, yoxsa ödənişsiz əsasla təhsil alması heç bir rol oynamır. Təqaüd tələbələrin nəticəsindən asılı olaraq müəyyən edilir.

Bununla yanaşı, qəbul imtahanlarından sonra ən yüksək bal toplayan 102 nəfərə Prezident təqaüdü təyin edilir.

Tələbə təqaüdünün məbləğinə gəlincə, bu barədə Cebhe.info-ya açıqlama verən ekspert Kamran Əsədov ilk olaraq Prezident təqaüdçülərinə bu günə qədər verilən təqaüdlərin məbləğini qeyd edib:

“2001-ci ildə 25 nəfər tələbə üçün hər biri 200 000 (iki yüz min) manat , 2004-cü ildə 100 nəfər tələbə üçün hər biri 500.000 (beş yüz min) manat, 2006-cı ildə 102 nəfər tələbə üçün hər biri 500.000 (beş yüz min) manat, 2008-ci ildə 102 nəfər tələbə üçün hər biri 150 (yüz əlli) manat, 2013-cü ildə 102 nəfər tələbə üçün hər biri 165 (yüz altımş beşi) manat, 2018-ci ildə 102 nəfər tələbə üçün hər biri 185 manat, 2019-cu ildə isə Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün hər biri 210 (iki yüz on) manat məbləğində Prezident təqaüdü təsis edilib”.

Ekspert hazırda ümumilikdə 110 min tələbənin təqaüd aldığını vurğulayıb:

“Hazırda ölkədə təhsilin bütün pillələri üzrə 110 min tələbə təqaüd alır. Keçən il 12 min təkcə bakalavr pilləsi üzrə idisə, bu il bu rəqəm 21 min olub. 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sadəcə 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib”.

Məlumat üçün bildirək ki, 14 fevral 2019-cu ildə Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, təqaüdlər bu şəkildə müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

-elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat;
-fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
-adlı təqaüd alan tələbələrə-170 manat.
Magistratura səviyyəsi üzrə:
-akademik göstəriciləri 91-100 bal olan tələbələrə-145 manat;
-akademik göstəriciləri 71-100 bal olan tələbələrə-120 manat;
-akademik göstəriciləri 51-100 bal olan tələbələrə-80 manat.
Bakalavriat səviyyəsi üzrə:
-akademik göstəriciləri 91-100 bal olan tələbələrə-130 manat;
-akademik göstəriciləri 71-100 bal olan tələbələrə-110 manat;
-akademik göstəriciləri 51-100 bal olan tələbələrə-75 manat.
Orta ixtisas təhsili müəssisələrində:
-akademik göstəriciləri 91-100 bal olan tələbələrə-75 manat; -akademik göstəriciləri 71-100 bal olan tələbələrə-60 manat; -akademik göstəriciləri 51-100 bal olan tələbələrə-50 manat. Peşə təhsili müəssisələrinin tələbələrinə-50 manat.

Səyad Həsənli
Cebhe.info

 

 

Mənbə: cebhe.info