Ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Ulu Öndərimizin ekoloji siyasətinin uğurlu davamıdır

Ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Ulu Öndərimizin ekoloji siyasətinin uğurlu davamıdır

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Naxçıvanda yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir

Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin respublikamıza rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, bütün bölgələrimizdə yaşıllaşdırma işləri geniş vüsət alıb. Müstəqillik illərində Ulu Öndərimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilib, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınıb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu Öndərimizin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir.

Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü dahi şairin yubileyinə əsaslı və yaddaqalan töhfə olmaqla yanaşı, həm də ətraf mühitə göstərilən diqqət və qayğını ifadə edən humanist təşəbbüsdür.

Muxtar respublika ərazisinin 27 faizdən çoxu ekoloji baxımdan xüsusi mühafizə olunur

Bu gün Naxçıvan Muxtar Respublikasında da təbiətin mühafizəsi, yaşıllıqların artırılması diqqət mərkəzindədir. Ulu Öndərin 1991-1993-cü illərdə muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün qədim diyarımızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilib, ardıcıl tədbirlər görülüb.

Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma, təmizlik və abadlıq aylığının keçirilməsi haqqında” 2001-ci il 1 mart tarixli Sərəncamı ilə hər ilin yaz və payız mövsümlərində yaşıllaşdırma, təmizlik və abadlıq tədbirlərinin görülməsi, əsasən, şənbə günləri keçirilən iməciliklər diyarımızın ətraf mühitinin mühafizəsində, yaşıllıq zolaqlarının salınmasında və qorunmasında böyük önəm daşıyır. Həmçinin mövcud ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə edilməsi məqsədilə Ali Məclis Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamı ilə 9 min 118 hektarlıq “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə isə 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması da təbiətin qorunması istiqamətində uğurla atılan addımlardandır. Təsadüfi deyil ki, bu gün muxtar respublika ərazisinin 27 faizdən çoxu xüsusi mühafizə olunur, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz təmsilçiliyinin muxtar respublikada təbiəti mühafizə sahəsində görülən işləri yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.

Son illər Naxçıvanda yaşıllıqların sahəsi 10 dəfədən çox,

fauna ehtiyatları müxtəlif növlər üzrə isə 15-20 faiz artıb

Muxtar respublika ərazisində təbii-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Təkcə bu ilin yazında 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, 15 min 595 gül və bəzək kolları əkilib.

Bu gün muxtar respublikanın magistral nəqliyyat yollarının kənarlarında əkilmiş meyvə və meşə ağacları bu yollardan keçənlərin zövqünü oxşamaqla bərabər, ekoloji təmizliyi də təmin edir.

Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, son illər muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artıb. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülüb. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi.

Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilib. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii-iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə daim diqqət yetirilir.

Təbiətin mühafizəsi istiqamətində görülən işlərinin nəticəsidir ki, muxtar respublikanın fauna ehtiyatları müxtəlif növlər üzrə 15-20 faiz artıb. Bunlarla yanaşı, muxtar respublika ərazisində 18 dəstə, 51 fəsilə və 142 cinsə daxil olan 241 növ quş, Azərbaycan Respublikasının ərazisində yayılmış 107 məməli heyvan növünün 62 növü məskunlaşıb. Həmçinin muxtar respublikada ali sporlu və çılpaqtoxumlu bitkilərin 3 minə yaxın növünə rast gəlinir.

Tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır

Naxçıvanda bu gün müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il iyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin və “İqlim otağı”nın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Burada yetişdirilən ağac tingləri və gül kolları gələcəkdə Naxçıvanın gözəl təbiətini daha da zənginləşdirəcəkdir.

“İqlim otağı”nda 108 rəf quraşdırılıb. Buradakı şərait toxum vasitəsilə 11 min 664, şitil və ya qələm vasitəsilə 4536 ədəd olmaqla, il ərzində 105 min müxtəlif növ ağac, gül və bəzək bitkiləri yetişdirməyə imkan verir. Otaq təbii hava şəraitindən tamamilə təcrid olunub, avtomatlaşdırılmış işıqlandırma, suvarma, havalandırma, isitmə və nəmləndirmə sistemləri ilə təchiz edilib. Buradakı süni iqlim şəraiti istənilən növ bitkini yetişdirməyə və digər növ istixanalarla müqayisədə bitki yetişdirilməsi sahəsindəki məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir.

“İqlim otağı”nda yetişdirilən bitkilər təbii şəraitə uyğunlaşdırılmaq üçün daha sonra müvəqqəti saxlanma anbarına veriləcək və satışa çıxarılacaq.

Hər birimiz təbiətə, torpağa, Vətənə qayğı və sevgi ilə yanaşmalıyıq

Təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa, Vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur. Çünki ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər bir vətəndaşın iştirakı daha böyük nəticələrin əldə edilməsinə yol açır. Bunu həm də muxtar respublikanın timsalında daha aydın şəkildə görmək mümkündür. Bu gün muxtar respublika sakinləri kütləvi şəkildə bu prosesdə fəal iştirak edir, təbii sərvətlərimizin qorunması ilə yanaşı, yaşıllıqların artırılması qayğısına qalırlar. Məhz buna görə də, təbiətsevərlərin ümumi fikri budur ki, qədim diyarımız görülən işlər nəticəsində yaxın gələcəkdə həm də “yaşıl diyar” adlandırılacaq.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Mənbə: azertag.az