Hüquq müdafiəçisi: “Onların ölüm xəbərini həbsdə olanda almışdım”
Tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin “Meydan” romanının ardından “Əclafın ölümü” adlı yeni kitabının təqdimatı olub. Vaxtı ilə 1 il 8 ay məhbus həyatı yaşayan hüquq müdafiəçisinin romanı kifayət qədər maraqla qarşılanıb. Bunu sosial şəbəkələrdəki reaksiyalardan da açıq şəkildə görmək olur. İ.Əliyevlə romanı barədə “Yeni Müsavat” üçün söhbət etdik:
– Bu günlərdə ikinci romanınızın təqdimatı oldu. Necə oldu ki, roman yazmaq fikrinə düşdünüz?
– Həbsdə adamın ən yaxın dostu kitablar olur. Vaxt da gen-boldur deyə, həm oxumağa, həm də düşünməyə nə qədər desən, vaxtın olur. Orada hamı oxuyur: siyasi məhbusu da, dələduzu da, narkomanı da, başkəsəni də. Elə yerlərə müxalif yönlü qəzetləri demək olar ki, buraxmırdılar, buraxanda da hər kəsin onları oxumaq imkanı olmurdu, amma məsələn, “1984-ü”, “Patriarxın payızı” və buna oxşar diktatura əleyhinə yazılmış kitabları hər kəs oxuya bilərdi. Özü də təkcə oxumurdular. Fikirləşəndə ki, təkcə elə həbsxanalarda on minlərlə adam kitab oxuyursa, ümumilikdə ölkə üzrə kitab oxuyanların sayı bizim düşündüyümüz qədər də az deyil. Onda düşündüm ki, siyasi mesajları ötürmək vasitəsi kimi niyə biz ədəbiyyatın imkanlarından yararlanmayaq ki? Siyasi romanlar yazmaq, buranı da bir cəbhəyə çevirmək fikri də ilk dəfə orada ağlıma gəldi.
Təəssüf ki, biz ölkəni dəyişmək uğrunda mübarizədə ədəbiyyat (mədəniyyət, incəsənət, musiqi və s.) adlı güclü silahdan layiqincə yararlanmamışıq. Bunun obyektiv səbəbləri də var. Beyinlərə təsir edən güclü əsərlərin meydana çıxması üçün mühit olmalıdır. Bu mühiti dövlətin, məsələn, Yazıçılar Birliyinə ayırdığı vəsaitlə və ya yazıçı-şairlərə verdiyi ad və mükafatlarla təmin etmək olmaz. Əslində, bu yardımlar yaradıcı mühiti kirləndirməklə, yaradıcı adamları ələbaxımlığa öyrətməklə ədəbiyyatın elə həmin o avtoritarizmə qarşı güclü silaha çevrilməsinin qarşısının alınmasına xidmət edir. Adamların məqaləsinə, statusuna görə həbsə atıldığı ölkədə, ətalət, inersiya, yaltaqlığın hökm sürdüyü ədəbi mühitdə belə əsərlərin yaranması çətindir. Bütün bunlar bilərəkdən edilir ki, yazıçı siyasəti ədəbiyyata gətirməsin, güldən-çiçəkdən yazsın. Amma əminəm ki, bu prosesi də adlaya biləcəyik və cəmiyyətdəki canlanma ədəbiyyata da keçəcək.
– Az müddətdə iki roman pis nəticə deyil. Onları həbsxanadamı yazmağa başlamışdınız?
– Elə yerlərdə belə şeyləri yazıb çölə ötürmək olsaydı, day həbsxana olmazdı, kurort olardı ki. Həbsxanada bizim kimi adamlara çox sərt nəzarət olur. Az qala hər gün şəxsi əşyaların axtarılır, yaxınlarınla və vəkillərinlə hər görüşə və ya məhkəməyə gedəndə həm özün, həm də yanına gələnlər çox ciddi yoxlamadan keçirlər. Uzaqbaşı sevgi barədə əsər yaza bilərdin; mənimsə yazmaq istədiyim siyasi romanlar idi. Ona görə, orada edə biləcəyin şey beynində yazmaq istədiyinin “skelet”ini düzəltmək ola bilərdi. Beləcə, bir il səkkiz ayda məndə yaxşı-pis, azı iki romanın “skelet”i vardı. Azadlığa çıxandan sonra onları ətlə-qanla doydurdum.
– Hansı başqa çətinliklərlə üzləşdiniz, nələri kəşf etdiniz özünüz üçün?
– “Meydan” təxminən 8-9 aya başa gəldi. İlk dəfə bu sahədə özümü sınayırdım deyə, nisbətən çətin oldu. Bədii əsər tamam fərqli vərdişlər istəyir. Bu, nə jurnalistikadır, nə elmi ədəbiyyat, heç bədii ədəbiyyata çox yaxın görünə bilən publisistika da deyil. Bunların hamısı ilə yaxşı-pis məşğul olmuşam və karıma gəlirdilər; amma o vərdişlər həm də adama mane olur, səni romançılıqdan sapdırıb elə hey publisistikaya dartır. Əsərdə yazıçı tərəfə çevrilməməli, öz düşüncələrini, emosiyalarını, tərəfkeşliyini, sevgi və nifrətini mümkün qədər kənara qoymalıdır. Bu, təzə-təzə asan olmur. İkinci kitab isə daha sürətlə getdi.
Romançılıq peşədir və onunla peşə kimi məşğul olmaq gərəkdir. Bu işlə peşəkar məşğul olan yazıçılar günün böyük bir hissəsini buna həsr edirlər. Ölkədə insan haqlarının durumunun bu dərəcədə ağır olduğu şəraitdə adam belə lüksü özünə rəva bilmir. Yoxsa gün ərzində yüz işlə məşğul olub, gecələr saat 2-3-də yorğun halda yatağa uzananda maksimum yarım-bir saat işləməklə yaxşı əsər yazmaq çətindir.
Əslində, bunun üçün ən gözəl yer həbsxanada tək kameradır, amma sınıq-salxaq da olsa bir kompüterin yanında ola da. Nə qədər faydalı işlər görmək olardı. Bir sözlə, adama kompüter, kitab-qəzet, normal yemək versələr, həbsxana təkcə kitab oxumaq üçün deyil, həm də yaradıcılıq üçün pis yer deyil.
– Səhv etmirəmsə, kitablar Nərgiz Yaqublunun və Elton Quliyevin əziz xatirələrinə ithaf olunub…
– Bəli. Onların ölüm xəbərini həbsdə olanda almışdım. Çox ağır acı idi. İkisi də çox sevdiyim insanlar idi. Onda söz verdim ki, əgər çıxıb planlarımı reallaşdıra bilsəm, ilk əsərlərimi onlara həsr edəcəm. Bu, yaşadıqları şərəfli ömrə görə onlara sonsuz minnətdarlığımın kiçicik ifadəsi idi. Əminəm ki, həm bu iki əziz insana, həm də vaxtsız itirdiyimiz başqa dəyərlərimizə – Elmar Hüseynova, Rafiq Tağıya, Rasim Əliyevə və başqalarına həsr olunacaq daha layiqli əsərlər hələ qabaqdadır.
– Bir neçə kəlmə də romanlarınızın əsas mövzusu məlumat verərdiniz. Onlar nədən bəhs edir?
– Hər iki əsər avtoritar cəmiyyətlərdə deqradasiya, ikiləşmə, barədədir. Azadlıqların sıxıldığı ölkədə dözümsüzlük, fobiya meylləri güclənir, insanların dövlətə, qanunlara, dəyərlərə inam və etimadı azalır. Zombiləşmə, kütləşmənin kütləvi xarakter aldığı, aqressiyanın artdığı belə şəraitdə din, əxlaq, milli mənəvi dəyərlər adı altında insanların təməl haqlarına qəsd etmək daha rahatdır, çünki toplumun müqavimət gücü zəif olur. Belə şəraitdə hər kəs qurban olmaqdan sığortalanmayıb: tələbə də, cinsi azlığın nümayəndəsi də, yazar da, biznesmen də, narkoman və hətta ona hökm çıxaran hakim də. “Meydan” bu mövzulara işıq salır.
İkinci roman da mövzunu davam etdirir. “Meydan”da əsas hadisələr çöldə baş verirsə, “Əclafın ölümü”ndə müəllif oxucu ilə birgə həyatın dibinə – həbsxana kameralarına, zirzəmilərinə enir. Avtoritar sistemlərdə hakimiyyət opponentlərini sıradan çıxarmaq üçün ən iyrənc vasitələrdən yaralanmaqdan çəkinmir. Tənqidçilərini həbsə atıb, onları mənən sındırmaq və əclafa çevirmək bu vasitələrdən biridir. Bu dəyirmana hər kəs düşə və oradan az adam salamat çıxa bilər. Dəmir barmaqlıqlar arxasında hər gün dəhşətli faciələr baş verir, toplum onların çox az bir hissəsindən xəbər tuta bilir. Kitab həm o dəyirmanın-sistemin necə işləməsi, həm də o dəhşətlərdən sifətini qorumaqla salamat çıxanlar barədədir.
Əsərin anti-qəhrəmanı olan o əclaf kimdir? – sualını tez-tez verirlər mənə. Cavabım belədir: ətrafınızda prorotip(lər) axtarışına çıxmayın – qəhrəmandan əclafa çevrilmiş Mahmudun prototipi həmin o əclaf(lar)ı yetişdirən sistemdir. Topluma ötürmək istədiyim əsas mesaj da budur: hədəfimiz əclaflar yox, onları yetişdirən sistem olmalıdır, hiddətimizi ona yönəltməli və onu dəyişməliyik. Əclaflar istehsal edən və həm də əclaflığı təbliğ edən bu sistem qaldıqca, həmin o kəslərin bizim həkimimiz, vəkilimiz və hakimimiz (hər mənada) olmaqdan sığortalanmamışıq.
Mənbə: minval.info