"Təhlükənin övladları": Bakıda sakinlər qəzalı binadan çıxmaq istəmirlər - REPORTAJ

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Buradakı evlərdə yaşayanları kənardan baxanlar "bəxtəvər" saysalar da, atalar məsəli, "içi özlərini, çölü özgəni" yandırır. Çünki illərdir ki, Bakının Səbail rayonunda yaşamalarına baxmayaraq, nə şəraitləri şəraitdir, nə də yaşayışları yaşayış...

Nəhayət, "ağ günə" çıxacaqları ümidi ilə yaşayan sakinlər indi o vədənin yetişməsinə baxmayaraq, uçuq divarlar arasında gecələməli olurlar. Səbəbi isə yaşadıqları qəzalı binadakı mənzillərinə lazımınca kompensasiyanın verilməməsidir.

Yəqin ki, çoxunuz söhbətin Səbail rayonu, Arif İsmayılov 51 ünvanında yerləşən qəzalı binadan getdiyini anladınız. "Su İdman Kompleksi"nin "iki addımlığında" yerləşən bu ev Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kəskin qəzalı binalar siyahısına salınan 17 yaşayış binasından biridir. Səbail Rayon İcra Hakimiyyəti bu binada yaşayan 33 ailədən 25-ni köçürtsə də, 8 ailə hazırda bir hissəsi sökülən uçuq binada yaşamağa davam edir.

Sakinlər Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, binada yaşayanlardan bir neçəsinin kupçası olsa da, yerdə qalanlarının Mənzil İstismar Sahəsinin qeydiyyat sənədi var. Bu gün hər an uçma təhlükəsi altında olan bu binada yaşayanlardan ən yaşlısı Solmaz nənədir. 1972-ci ildən bu binadan ev aldığını söyləyən ağbirçək deyir ki, binanın 1 əsr yaşı var: "Bu bina əvvəllər neftçilərin yataqxanası olub, daha sonra məcburi köçkünlər və yerli əhali də orada məskunlaşıb. Ərazi 6-cı Mədən, loru dildə "Şestoy" adlanır. Mən 50 ilə yaxındır bu evdə yaşayıram. Rayon İcra Hakimiyyəti dəfələrlə bu binaya baxış keçirib. Sonra bizə dedilər ki, bina qəzalı vəziyyətdədir. Binanın yaşayış üçün yararlı olmadığı göz qabağındadır. Biz də köçürülməyimizə etiraz etmirik. Amma bizə verilən kompensasiya ilə özümüzə bu ərazidə ev də ala bilmirik. Mənim 81 yaşım var. Özümü yox, oğlumu, onun ailəsini fikirləşirəm. Nəvəm yaxınlıqda təhsil alır. Biz Xırdalanda ev alıb yaşamalı deyilik axı. Bu ərazidə evlərin bir kvadrat metrinin qiyməti 1500 manatdır. Bizə isə hər kvadrata 1000 manat verirlər. Bu da bizə sərf eləmədiyindən öz mənzilimizdən çıxmırıq. Kimin ki kənarda evi var, icra ilə razılaşıb çıxıb. Amma onlar da hələ ki kompensasiyanı ala bilməyiblər. Bizim isə olan-qopanımız bu 75 kvadrat metrlik mənzildir. Mən bu evi əlimin zəhməti, qabarı ilə almışam. Bunu nəzərə alan yoxdur".

81 yaşlı Solmaz Əliyeva mənzilin kvadrat metrinə görə ən azı 1300 manat verilməli olduğunu söyləyir: "Köhnə bina olanda nə olar? Bizi çölə tökmək düzgün deyil axı... Elə qiymət versinlər ki, biz yolun o tayından ev ala bilək".

Uçuq binadan çıxmaq istəməyən digər sakinlər də Solmaz nənə ilə həmfikirdirlər. Onlar mənzillərinin hər kvadrat metrinə 1300 manat kompensasiya ödənilməyincə binanı tərk etməyəcəklərini söyləyirlər.

Amma onların bu binada nə qədər müddət davam gətirə biləcəklərini söyləmək çox çətindir. Çünki binadakı mənzillərin çoxunun qapı-pəncərəsi, hətta eyvanları da sökülüb. Binanın həyətində köhnə tikinti materiallarından tikilən daxmalar darmadağın edilib. Taxta konstruksiyalardan tikilən binanın suvağı belə tökülüb. Binanın yuxarı mərtəbələri aşağıya doğru deformasiyaya uğrayıb. Sakinlər deyirlər ki, aşağı mərtəbələrin mənzillərinin ara divarları söküldüyündən, yuxarı mərtəbədə yaşayanlar ehtiyatla gəzirlər. Eyvana çıxmaq isə ümumiyyətlə təhlükəlidir. Çünki eyvanın döşəməsi tamamilə çürüyüb".

Ərazidə olarkən qəzalı binaya bitişik digər yaşayış binasının da uçma təhlükəsində olduğu diqqətimizdən yayınmadı. Sakinlər Rayon İcra Hakimiyyətindən bu binada yaşayanların bir il müddətində köçürülməsi barədə onlara vəd verildiyini söylədilər.

Bu binada yaşayan 33 ailədən 25-ni köçürtsə də, 8 ailə hazırda bir hissəsi sökülən uçuq binada yaşamağa davam edir

O ki qaldı Arif İsmayılov 51 ünvanında yerləşən qəzalı binaya, Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru şöbəsinin müdiri Anar Hüseynov hazırda ərazidə köçürülmə prosesinin davam etdiyini söylədi. Sakinlərin iddiasına gəlincə, A.Hüseynov köçürülmə prosesi yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə geniş açıqlama veriləcəyini bildirdi.

Xatırladaq ki, Nazirlər Kabineti Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin qərarda göstərilir ki, qəzalı binalarda yaşayan sakinlərə maliyyə vəsaiti ödənilməklə onlar köçürülsünlər. Paytaxtın 6 rayonunda 17 belə kəskin qəzalı yaşayış binası var.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

SONRAKI XƏBƏR

Avropa Şurasının yaranmasının 70 illiyi ilə əlaqədar Bakıda dəyirmi masa keçirilib