Məcid Araz: İranda uşaq nikahının artması ilə etnik ayrıseçkilik arasında birbaşa əlaqə var

Məcid Araz deyir ki, İran Azərbaycanında milli hərəkata mənsub təşkilatlar toplumun üzləşdiyi müxtəlif problemlər, o cümlədən uşaq nikahları haqda proqramlar hazırlamalıdırlar. Amerikanın Səsinə danışan siyasi fəal uşaq nikahının ən çox İranın qeyri-fars bölgələrində qeydə alınmasının səbəblərini şərh edib.

“Modern hüquq dövlətlərində ciddi anlamda uşaq evliliklərinin qarşısına keçməyə çalışırlar. Qərb ölkələrində, demokratik ölkələrdə ciddi tədbirlər alınır. Qanunlar keçirlir. Mənim yaşadığım Türkiyədə bu işin qanunda çox ciddi cəzaları var. Nə yazıq ki, İslam Respublikasında şəriət qanunlarının tətbiq olunması ilə əlaqədar olaraq, buna icazə verilir,” siyasi fəal ifadə edir.

Nə yazıq ki, İran İslam Respublikasında şəriət qanunlarının tətbiq olunması ilə əlaqədar olaraq, uşaq nikahına icazə verilir.

Siyasi fəal İslam Respublikasında qeyri-fars icmaların məruz qaldığı etnik ayrıseçkiliyin səviyyəsi ilə uşaq nikahı kimi ictimai problemlərin artması arasında birbaşa əlaqə olduğunu vurğulayır:

“Bu problemin toplumların savadlanması ilə, rifah və təhsil səviyyəsinin yüksəlməsi ilə doğrudan əlaqəsi var. Toplumun bu sahələrdə standartları nə qədər yuxarıdırsa, bir o qədər uşaq nikahı kimi problemləri az görürük. İranda isə etnik və milli ayrı-seçkilikdən dolayı mərkəz və çevrə arasında inkişaf səviyyəsində çox ciddi fərq var.”

Siyasi fəalın sözlərinə görə, milli hərəkata mənsub təşkilatlar uşaq nikahına yaxşı baxmasalar da, bu ictimai problemə qarşı ciddi fəaliyyət göstərməyiblər:

Bu problemin toplumların savadlanması ilə, rifah və təhsil səviyyəsinin yüksəlməsi ilə birbaşa əlaqəsi var.
“Milli Hərəkata mənsub təşkilatlar təbiətən Güney Azərbaycanda yaşayan türk millətini təmsil etdikləri qənaətindədirlər. Bir hərəkat bir milləti təmsil etdiyini iddia edirsə, bütün sahələrdə ona proqramları olmalıdır, elmi çalışmaları olmalıdır. Qadın haqları, uşaq haqları, çevrə məsələsi, iqtisadiyyat, siyasət, mədəniyyət, bunların hamısı ilə bağlı deməyə sözümüz olmalıdır. Bugünə qədər olmuşmu? Nə yazıq ki, ciddi mənada 'hə' deyə bilmərik.”

Məcid Araz hesab edir ki, böyük fəlakətlərə yol aça bilən ictimai problemlər də ancaq müəyyən bölgələrdə baş verdiyi zaman müzakirə mövzusu olurlar.

“Bizim bölgələrdə nəsə olmalıdır ki, biz gedib o məsələnin üstündə beyin yoraq. Bugün biz niyə uşaq nikahı məsələsini danışırıq? Çünki, İranın müəyyən bölgəsində çəkilmiş bir film ortaya çıxmış ki, həqiqətən insanın içini sızladır. Kiçik bir qız uşağını gətirib özünün dörd boyu olan bir adamın yanında oturdublar, kəbin kəsirlər. Buna baxdığı zaman insanın halı pozulur,” Araz əlavə edir.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib

SONRAKI XƏBƏR

Türkiyə bizim üçün çox önəmlidir - Stoltenberq