Təsərrüfat sahələrində yeni suvarma üsulları və texnologiyalarından istifadə olunması çox vacibdir

Bakı, 11 sentyabr, AZƏRTAC

Ölkəmizdə suvarma suyundan istifadə olunması vəziyyəti o qədər də ürəkaçan deyil. Təsərrüfatlarda bu gün ümumilikdə 60 faiz suvarma suyu itkiyə gedir. Bunun üçün yeni suvarma üsulları və texnologiyalarından istifadə olunması çox vacibdir. Bununla yanaşı, suvarma suyunun keyfiyyəti də böyük əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Torpaqşünalıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib. O bildirib ki, Şirvan, Mil və Muğan düzlərinin su ilə təminatında böyük rol oynayan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları örtüyündə filtrasiyaya qarşı beton üzlüklər çəkilməyib. Buna görə bu kanallarda daim sızmalar baş verir. Elmi cəhətdən sübut olunub ki, bu kanallardan orta hesabla 40 faiz su itkiyə gedir. Eyni zamanda, suvarma kanallarında da itki olur. Təsərrüfat sahələrinin selləmə (şırım) üsulu ilə suvarılması da su itkisinə gətirib çıxarır. Ötən əsrin 60-cı illərində qrunt sularının səthə yaxınlaşması üzündən Muğanda və Qarabağda torpaqlar şoranlaşmağa başlayıb. Bunu aradan qaldırmaq üçün kollektor-drenaj şəbəkələri tikildi. Məqsəd qrunt sularının yer səthindən üç metr aşağı salınması idi. Təəssüflər olsun ki, həmin kollektorlardan gedən su, bəlkə də Kür çayının yarısından çoxdur. Bu qədər su Xəzərə axır. Drenajlarda suyun minerallaşması bəzən 30, bəzən də 50 qram olur. Suvarma suları da buraya qoşulur. Beləliklə, drenaj vasitəsilə daha çox suvarma suyumuz itkiyə gedir. Bunun da səbəbi yeni texnologiyanın tətbiq edilməməsidir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb

SONRAKI XƏBƏR

ABŞ-da bıçaqlı şəxs insanlara hücum etdi, yaralılar var