Sumqayıtın ən qocaman poladəridəni: əmək bahadırı İzzət Yusifov

İndi onun 86 yaşı var. Sumqayıta düz 70 il əvvəl - 15 yaşında bir yeniyetmə kimi 1949-cu ilin oktyabrında gəlib. Ayağı sayalı olub. Onun gəlişindən bir ay sonra yeni salınmaqda olan Sumqayıta şəhər statusu verilib.

Dünyaya 15 yanvar 1934-cü ildə Oğuz rayonunun Daşağıl kəndində göz açan İzzətin ağlı kəsər-kəsməz atası Şaban Yusifov müharibəyə aparılmışdı. Başqalarından fərqli olaraq o, respublika hərbi komissarının göstərişi ilə kolxozun at ilxısından 20-yə qədər atı qabağına qatıb, gecəli-gündüzlü yol gedərək, həmin atları Sovet qoşunlarının Şimali Qafqazdakı döyüşə hazırlaşan süvari dəstəsinə çatdırmış, özü də həmin dəstənin tərkibində düşmənə qarşı vuruşmuşdu. 1944-cü ildə ağır döyüşlərin birində igidliklə həlak olmuş, İzzət 10 yaşında olanda atasının "qara kağızı" gəlmişdi.

İzzət Yusifov 1949-cu ildə - 15 yaşında ikən köməksiz qalmış anasını və özündən 4 yaş kiçik qardaşını dolandırmaq üçün böyük vüsətlə aparılan əzəmətli tikinti-quruculuqişləri bütün SSRİ-yə səs salmış Sumqayıta gələrək, bir peşəyə yiyələnmək məqsədilə sənət məktəbinə - "fezo"ya daxil olmuş, bir il ərzində orada armaturçu-betonçu peşəsinə yiyələnərək, 1951-ci ildən 1957-ci ilədək Sumqayıtın İnşaatçılar qəsəbəsindəki müxtəlif sosial obyektlərin, o cümlədən köhnə bazarın ətrafındakı bir çox yaşayış binalarının, fəhlə yataqxanalarının, şəhərin ilk "Uşaq aləmi" mağazasının və s. tikintisində fəallıqla iştirak etmişdir.

Sonralar İzzət Yusifov hərbi xidmətə çağırılmış, lakin əsgərliyini başa vuraraq, yenidən onu özünə məftun etmiş Sumqayıta qayıtmış, Azərbaycan Boru-prokat zavodunda 3-cü dərəcəli poladəridən köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdir. Kifayət qədər təcrübə əldə etdikdən sonra 2-ci, daha sonra 1-ci dərəcəli poladəridən köməkçi olmuşdur. Sonralar usta poladəridən kimi uzun illər 1200 dərəcəyə yaxın temperaturda qaynayıb-coşan marten sobası önündə çalışmış, ölkəyə on min tonlarla yüksək keyfiyyətli polad ərinti vermişdir ki, onlardan elə doğma zavodda və İttifaqın digər metallurgiya müəssisələrində hazırlanan polad borular Azərbaycanın quru və dəniz neftçilərinə, həmçinin SSRİ-nin digər neft regionlarına - Urala, Tatarıstana, Başqırdıstana, Türkmənistana, Qazaxıstana, Özbəkistana, Uzaq Sibirə, əsrin tikintisi sayılan BAMa, həmçinin sosialist düşərgəsi ölkələrinə və s. göndərilmişdir.

Əməksevər, zəhmətkeş poladəridən olan İzzət Yusifov 1995-ci ilə kimi - 40 ilə yaxın bu şərəfli vəzifədə çalışaraq, təqaüdə çıxmışdır. Onun çoxillik səmərəli fəaliyyəti, şərəfli poladəridən əməyi dövlət tərəfindən "Əməkdə fərqlənməyə görə" və "Lenin yubiley medalı" ilə qiymətləndirilmişdir. Bundan əlavə o, dəfələrlə poladəridənlər arasında respublika və İttifaq üzrə keçirilən yarışların qalibi olmuş, Boru-prokat zavodu və SSRİ Qara Metallurgiya Nazirliyi üzrə bir çox fəxri-fərmanlarla təltif edilmişdir. Neçə-neçə gəncin poladəridən kimi yetişməsində İzzət Yusifovun böyük və gərgin əməyi olmuşdur. 1970-80-ci illərdə Lenin ordeninə və hər üç dərəcəli "Şöhrət" ordeninə layiq görülmüş adlı-sanlı poladəridən Allahverdi Süleymanov və SSRİ Ali Sovetinin deputatı olmuş sonuncu gənc poladəridən Yaşar Abbasov da yüksək dərəcəli poladəridən İzzət Yusifovun yetirmələri olmuşlar.

Ancaq nə qədər qəribə olsa da, uzun illər 1200 dərəcəyədək istilikdə ərinmə prosesinin getdiyi marten sobası önündə od-alovla çarpışan bu zəhmətkeş poladəridənə "pensiya təşkilatları" cəmi 220 manat pensiya təyin etmişlər. Gecə-gündüz marten sobası önündə yanıb-qarsıyan bu əmək adamına nədənsə "qaynar staj" vermək belə istəməyiblər. 44 il əmək stajı olan martençiyə yüngül işlərdə baş girləyənlərə verilən qədər pensiya "kəsiblər". Əslində elə pensiyanı "kəsiblər", yəni çox az veriblər.

...Amansız tale də elə gətirib ki, son illərdə İzzət kişi min bir əziyyətlə böyüdüb, boya-başa çatdırdığı 2 oğul və bir qız övladının hər üçünü itirib. Bir oğlu vaxtilə iş dalınca Rusiyaya getmiş, lakin orda faciəli şəkildə həlak olmuşdur. Digər oğlu və qızı isə ailə qurub, oğul-uşaq sahibi olsalar da, son iki ildə hər iksi uzun sürən ağır, sağalmaz xəstəlikdən - xərçəng xəstəliyindən vəfat etmişlər.

Övladlarının vaxtsız itkisinin ağrı-acısı ilə üz-üzə qalmış İzzət Yusifov bu gün Sumqayıtın ən qocaman, eyni zamanda odlu peşə sahibi kimi layiq olduğu haqqını almayan sonuncu poladəridəndir (Yaşar Abbasov cavandır). Bu sadə və təvazökar, ömrünü ən ağır və şərəfli peşəyə həsr etmiş, Vətənə ləyaqətlə xidmət göstərmiş adam bugünlər həm mənəvi, həm də maddi sıxıntılar içərisində yaşayır.

Bəlkə, pensiya təşkilatları insafa gəlib, ömrünü od-alov içərisində keçirmiş bu əmək adamının haqqını özünə qaytarsınlar? Bu, həyatının 86-cı ilində ömür-gün yoldaşı ilə yalqız qalan əmək bahadırına, ömrünün 70 ilini 70 yaşlı Sumqayıta həsr etmiş İzzət Yusifova müəyyən bir təskinlik, yubiley hədiyyəsi olardı.

 

Rəhman ORXAN,

Respublikanın Əməkdar jurnalisti,Osman Mirzəyev adına Respublika mükafatı laureatı.

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Yakuboviç istirahətdən əlil arabasında qayıtdı

SONRAKI XƏBƏR

FERMERLƏR DANIŞIR: “Pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli sahəsidir” - VİDEO