Bakı, 12 sentyabr, AZƏRTAC
Müvəkkil Elmira Süleymanova Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində həmin vilayətin ombudsmanı Tatyana Merzlakova ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil ölkədə insan hüquqlarının səmərəli təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar, digər dövlət qurumları ilə yanaşı, Azərbaycan ombudsmanının bu prosesdəki rolu, fəaliyyət istiqamətləri, milli preventiv mexanizm, əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla bərabər, vətəndaş cəmiyyəti institutları və yerli icmalarla birgə görülən işlər barədə ətaflı məlumat verib.
T.Merzlyakova Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini, habelə Sverdlovsk vilayətində yaşayan azərbaycanlıların müraciətlərinin nəzarətdə saxlanıldığını, səlahiyyətləri çərçivəsində bu şəxslərə mümkün köməklik göstərildiyini qeyd edib. O, insan hüquqlarının müdafiə mexanizmlərinin inkişafına yönəldilmiş, qarşılıqlı hörmət və etibar əsasında həyata keçirilən birgə fəaliyyətə görə müvəkkilə öz minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan və Sverdlovsk ombudsmanları arasında mövcud əməkdaşlıq sazişi çərçivəsində milli və beynəlxalq normalar nəzərə alınmaqla, görülmüş işlər təhlil edilib, gələcək birgə fəaliyyətin yeni istiqamətləri müzakirə edilib.
Mənbə: azertag.az