Vaqif Əsədov - "Bizim mental vərdişlərimiz təhlükə yaradır"

Vaqif Əsədov - "Bizim mental vərdişlərimiz təhlükə yaradır"

"Sürücülərə aşılamaq lazımdır ki, kiçik bir səhv ölümə gətirib çıxara bilər"

Bir neçə ay öncə Bakı-Astara yolunda səkkiz nəfərin ölməsi ilə nəticələnən yol qəzası cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Buna səbəb sürücünün avtomobildə yanında olan yastığı sərnişinə verərkən diqqətini yayındırması idi. Bu yeganə və ilk hal olmadığı üçün Anews.az olaraq bu kimi hadisələrin baş verməsinin qarşısını almaq üçün nə kimi işlərin aparıldığı ilə maraqlandıq.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirir ki, avtomobil qəzalarının əsas səbəbi sürücülərin diqqətinin yayınması ilə bağlıdır. "Bir il bundan öncə diqqətin yayınması ilə bağlı inzibati tənbeh tədbirinin tətbiqi barədə açıqlama verəndə jurnalistlər məni lağa qoydular. Əslində diqqətin yayınması inzibatı xəta təhlükəsi yaradır. Qəza hadisələrinin baş verməsinin elə 70 faizi idarəetmədə diqqətin yayınması ilə bağlıdır. Azərbaycan yol hərəkət nişanları demək olar hər yerdə var və hər kəsin istər sürücü, istərsə də piyadaların bu nişanlardan xəbəri olmalıdır. Bu nişanları bilmək üçün elə də savadlı olmaq tələb olunmur. Bizim ölkədə sürücülər öz təhlükəsizlikləri barədə düşünmürlər. Yalnız cərimələr xatirinə qaydalara əməl edirlər. Mən deyəndə ki, maşın sürərkən "vetnamka" geyinmək olmaz, qayıdıb deyəcəklər ki, qanunda bununla bağlı cərimə yoxdur. Halbuki sürücü cərimə xatirinə yox təhlükəsizliyi üçün açıq yay ayaqqabısı geyinməməlidir. Avropada sürücülər cərimədən qorxduqları üçün deyil, öz təhlükəsizliyi üçün bütün qanunları yerinə yetirir", - deyə Yol polisi idarəsinin sözçüsü bildirib.

 

O, həmçinin bildirir ki, yol qəzalarının baş vermə səbəblərindən biri də mental vərdişlərdir. "Biz yoldan keçən bir yaşlı adama kömək edərik, amma protokol yazmarıq. Çünki bizdə böyüyə-kiçiyə hörmət var. Çalışmalıyıq ki, qanun və qaydaları öz dəyərlərimiz çərçivəsində nəzarət edə bilək", deyir Vaqif Əsədov.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, hadisələrin qarşını almaq üçün ilk növbədə təbliğat işləri aparmaq lazımdır. "Sürücülərə aşılamaq lazımdır ki, kiçik bir səhv ölümə gətirib çıxara bilər. İnkişaf etmiş ölkələrdə yol nəqliyyat hadisələri baş verəndə ilk növbədə sürücünün iş və istirahət rejimi araşdırılır. Buna görə də xaricdəki sürücülər ilk olaraq özlərinə qarşı məsuliyyət hiss edirlər. Ümumiyyətlə bizdə sərnişindaşıma sahəsində nəzarət gücləndirilməlidir. Sərnişinlər də bir qayda olaraq dərk etməlidirlər ki, harada gəldi maşına avtobusa minib getmək olmaz. Qanunsuz sərnişin daşıyan sürücülərdən uzaq olmaq lazımdır. Belə olan halda həmin sürücülərdə məcbur qalıb qanun çərçivəsində işləməyə başlayacaqlar. Yol polisi sosial şəbəkələrdə daha aktiv olmalıdır. Yolda olarkən əlində telefon olan, kamera çəkən bir sözlə diqqəti yayındıran bütün hallarda sürücülər cərimə olunmalıdır. Belə insanları kütləvi şəkildə cəriməsələr həmin sürücülər ya mobil telfonlarla maşın sürmüyəcəklər, ya da çəkdiklərini yaymayacaqlar", -deyə ekspert vurğuladı .

Onun fikrinə, yol polisləri arasında da tanınmış müğənniləri görən kimi az qala dəridən qabıqdan çıxanlar var və onlar yol hərəkti qaydalarını pozan məşhurlara gözyumur, cərimələmirlər. Nəticədə cəzasızlıq ciddi qəzalara gətirib çıxardır. "Amma elə polislərimiz də var ki, çox sərt şəkildə cərimələr yazır. Hətta bəzi tanınan simalarımız var ki, çıxır efirdə deyir ki, mən kəmər taxa bilmirəm ürəyim sıxılır. Yol şou göstərmək üçün deyil. Bu gün hadisələrin çoxu telfonla danışmaq, sürətlə sürmək, yanındakı ilə söhbət etmək ,bir sözlə ən kiçik hadisələr belə qəza yaradacaq hallardır. İnsanlarımızda məsuliyyət hissi artırılmalıdır. Bəzi sürücülər elə bilir ki, hansısa kateriqoriyaya aiddirlərsə deməli istədikləri kimi avtomobil idarə edə bilərlər".

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi mexanizmindəki qüsurlara diqqət verən Elməddin Muradlı deyir ki, bu sahədə ciddi islahatlara ehtiyac var. "Rusiyadakı yol hərəkət qaydaları o qədər pik həddə çatıb ki, bütün sürücülük vəsiqələri ləğv edilib, yeni institut formalaşır. Birzdə də sürücülük imtahanlarının götürülməsi daha da ciddiləşdirilməlidir. İnsanlara sürücülük vəsiqəsi verən kimi yola buraxmaq olmaz. Dünya təcrübəsində 3 və 6 aylıq sınaq müddətindən sonra sürücülük vəsiqəsi təqdim edilir. Yəni vətəndaş özünü sürücü kimi tam təsdiq etməlidir. Amma Azərbaycanda bu gün sürücülük vəsiqəsi alan səhərisi gün avtobus sürür. Bütün bu məsələlər nəzarətdə saxlanılmalıdır. Sürücü vəsiqəsini almaq peşəkar sürücü olmaq anlamına gəlmir".

Millət vəkili Adil Əliyev isə bildirir ki, bu gün gənclərimiz içkiyə çox meyillidirlər. Ona görə də spirtli içkilərin təsirindən avtomobil qəzaları baş verir. Əgər insanlar sərxoş olub sükan arxasında otururlarsa burada nə dövlətin, nə də sürücülük vəsiqəsi verənin heç bir günahı yoxdur. Bu cür sürücülər tədricən müəyyən olunur və cəzalanırlar. "Bir çoxları sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitələrini idarə edir. Sürücülüklə bağlı başqa ölkələrdə olduğu kimi bizim ölkədə də qaydalar eynidir. Hər kəs imtahan verir vəsiqəsini alır. Azərbaycanda sürücülük vəsiqəsinin pulla alınması barədə heç bir məlumatım yoxdur, bu haqda eşitməmişəm – deyə millət vəkili vurğulayır.

Mənbə: faktor.az