Alkoqollu içki və siqaret şirkətləri  xərçəng xəstələrinə yardım fonduna pul köçürməli olacaq...

Alkoqollu içki və siqaret şirkətləri  xərçəng xəstələrinə yardım fonduna pul köçürməli olacaq...

Ən çox vəsaiti gecə klubları ödəyəcək...

Özbəkistan hakimiyyəti İslamda haram edilmiş alkoqol, həmçinin, siqaret istehsal edən və satdıran iş adamları, habelə, eyş-işrət obyektləri sahiblərini xərçəng və digər sağalmaz xəstəliklərə düçar olmuş vətəndaşlara yardım üçün yaradılmış xüsusi fonda pul köşürməyə məcbur etmək qərarına gəlib.

Moderator.az “Ferqana News” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı təşəbbüs birbaşa dövlət başçısından gəlib. Dəyişikliklər hazırda ictimaiyyət tərəfindən müzakirə mərhələsindədir.

Qanun layihəsinə görə, idxalçılar və istehsalçılar bir dekalitr alkoqol üçün fonda təxminən 0,2 dollar göndərəcəklər. Tütün biznesmenləri üçün tələb siqaret qutusu üçün 0,01 dollar təşkil edəcək. Ən böyük ayırmalar gecə klublarına şamil ediləcək ki, onların sahibləri əlavə dəyər vergisi nəzərə alınmadan gəlirlərinin 5% -ni bəhs edilən fonda köçürməli olacaq.

Yağ və duzu bol miqdarda işlədən zərərli qida məhsulları, eləcə də qazlı su və enerji içkiləri istehsal edən və satanlar da kənarda qalmayacaq. Bundan əlavə, hüquqi şəxslər ilə yanaşı, sahəsi 200 kv.metrdən çox olan geniş mənzillər və ya böyük fərdi həyət evləri (500 kv.metrdən çox) aldıqları təqdirdə fiziki şəxslər də onkoloji xəstələr üçün fonda vəsait köçürməli olacaq.

Qeyd olunur ki, artıq 2018-ci ildən araq, pivə və tütün istehsalçıları ölkədə bədən tərbiyəsi və idmanın inkişafı üçün köçürmələr edir.

Sultan Laçın

Mənbə: moderator.az