Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan məktəblər və bağça istifadəyə verilib

Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan məktəblər və bağça istifadəyə verilib

REAL xəbər verir ki, Gəncə şəhərində fəaliyyət göstərən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin şagirdləri təhsillərini bu tədris ilindən yeni binada davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevral ayında Gəncə şəhərinə səfəri zamanı məktəbdə mövcud şəraitlə tanış olmuş, binada yenidənqurma işlərinin aparılmasına dair müvafiq tapşırıq vermişdi.

1965-ci ildən istismarda olan məktəbin binasında sonuncu təmir işləri 1988-ci ildə aparılmışdı və binada əsaslı yenidənqurma işlərinə ehtiyac yaranmışdı. 640 yerlik məktəbdə buna qədər 795 şagird təhsil alırdı.

Görülən işlər çərçivəsində isə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib. Hazırda Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən məktəbdə 1000 şagirdin təhsili üçün şərait yaradılıb.

Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman zalı, akt zalı, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib.

1984-cü ildə inşa olunan məktəbdə bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib.

640 şagird yerlik olan məktəbdə 36 sinif otağı, laboratoriya otaqları, əmək otaqları, informatika kabineti, linqafon otağı, hərbi hazırlıq kabineti, eləcə də məktəbəqədər sinif otağı fəaliyyət göstərir.

***

Heydər Əliyev Fondu tərəfindən Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə son səfəri zamanı bağçadakı şəraitlə tanış olmuş və binada yenidənqurma işlərinin aparılmasına dair tapşırıqlar vermişdi.

1985-ci ildən fəaliyyət göstərən uşaq bağçası üçün hazırda Heydər Əliyev Fondu tərəfindən 280 yerlik yeni bina tikilib, bağça inventar və avadanlıqlarla təchiz olunub və burada 14 qrup yaradılıb.

Bağçada yataq otaqları, eləcə də uşaqların təhsil və istirahəti üçün nəzərdə tutulan digər zəruri otaqlar inşa olunub, musiqi zalı, idman zalı, oyun otaqları yaradılıb.

Daimi istilik və su sistemi ilə təchiz olunan bağçanın yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

Mənbə: www.realtv.az