Yaponiyada yaşlı insanların sayı rekord həddə çatıb

Yaponiyada yaşlı insanların sayı rekord həddə çatıb

Tokio, 16 sentyabr, AZƏRTAC

Yaponiya hökumətinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə 65 və daha yuxarı yaşlı insanların sayı rekord həddə çatıb.

AZƏRTAC Yaponiya Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 16-da qeyd edilən Ahıllara Minnətdarlıq Günü ərəfəsində dərc edilən son məlumata görə ölkədə belə insanların sayı 35 milyon 88 min nəfər təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 320 min nəfər çoxdur.

Məlumatda qeyd edilir ki, yaşlı insanların cəmiyyətdə nisbəti 28,4 faizə bərabər olub ki, bu da ötən ilki göstəricidən 0,3 faiz artıqdır.

BMT-nin son məlumatına görə, bu, bütün dünyada yaşlı əhalinin ən yüksək nisbətidir. Yaponiyadan sonra həmin göstərici İtaliyada 23 faiz, Portuqaliyada isə 22,4 faiz təşkil edir.

Əhalinin Məskunlaşması və Sosial Təminat Milli Tədqiqat İnstitutunun proqnozlarına görə, 2040-cı ildə Yaponiyada yaşlı əhalinin sayı 35,3 faizə bərabər olacaq.

Nazirliyin məlumatında, həmçinin qeyd edilir ki, ötən il yaşlı işçilərin sayı 8,62 milyon nəfər təşkil edib və bu, ümumi işçi qüvvəsinin 12,9 faizinə bərabərdir. Hər iki göstəricinin də rekord olduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az