Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub

Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Əvvəlcə tələbələr və onların valideynlərinin akademiya ilə tanışlığı təşkil edilib. Onlara Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi barədə ətraflı məlumat verilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov tələbələri və müəllimləri yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış bu təhsil ocağının əldə etdiyi nailiyyətlərdən, respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanması işində mühüm rolundan danışıb. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə göstərdiyi qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq akademiyanın ənənələrinə sadiq qalan tələbələrin biliyi, bacarığı ilə idarəçilik sahəsinə öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə ölkənin gücü onun təbii sərvətləri ilə yanaşı, həm də insan potensialı ilə müəyyən edilir.

Rektor 2019-2010-cu tədris ilində Dövlət İdarəçilik Akademiyasına qəbul olunanların əksəriyyətinin yüksək bal topladıqlarını diqqətə çatdırıb. Bildirib ki, onlardan 176 nəfəri Siyasi idarəetmə, 222 nəfəri isə İnzibati idarəetmə fakültəsində təhsil alacaq. Bu gənclərdən 6 nəfəri Prezident təqaüdünə layiq görülüb. Magistratura pilləsində isə 99 nəfər təhsillərini davam etdirəcək. O, yüksək nəticələr göstərmiş gənclərin Dövlət İdarəçilik Akademiyasını seçməsini, bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Naxçıvan Muxtar Respublikası, mərkəzi icra hakimiyyəti orqanları, müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanlarında çalışan 75 rəhbər kadrın akademiyada magistr təhsili almalarının olduqca əhəmiyyətli hesab edildiyini diqqətə çatdırıb.

İnzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova və siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov təbriklərini çatdırıb, gələcəkdə ölkəmizin uğurlar əldə etməsində DİA məzunlarının imzasının daha da çox olacağına inamlarını ifadə ediblər.

Prezident təqaüdçüləri Azər Musayev və Əmirxan Əlizadə çıxış edərək bu nüfuzlu ali məktəbə daxil olmalarından qürur duyduqlarını bildiriblər.

Valideyn Yasin Əlizadə övladının Dövlət İdarəçilik Akademiyasına qəbul olması ilə fəxr etdiyini bildirib, kollektivə yeni dərs ilində uğurlar arzulayıb.

Mənbə: azertag.az