Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə “Bələdiyyələrdə qadın iştirakçılığı: hüquqi və institusional mexanizmlər, gender bərabərliyi yanaşmasının təşviqi” mövzusunda konfrans keçirilib.

AQUPDK-dan AZƏRTAC-a verilən məlumata görə, komitənin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışında qadın iştirakçılığının artırılmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı qabaqcıl ölkələr sırasına gətirib. Qadın məsələlərinə daim dövlət qayğısı var və gender proqramı ardıcıl surətdə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atıb.

Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramı və Gəncə-Qazax İqtisadi Rayonunun Yerli və Regional İnkişafına Dəstək layihəsinin rəhbəri Gerald Duda çıxış edərək Dövlət Komitəsi ilə GİZ-in əməkdaşlığını yüksək qiymətləndirib. O, xüsusən də Azərbaycanda qadınların müxtəlif sahələrdə artan fəal təmsilçiliyini və gender hədəfi ilə bağlı yaxşı nəticələrin əldə edildiyini bildirərək, bu müsbət inkişafın davamlı olacağına əminliyini ifadə edib. Gerald Duda uğurlara nail olmaq üçün qadın və kişilərin birgə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Daha sonra “Qadın siyasəti” ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov “Bələdiyyələrin daxili institusional inkişafı” mövzusunda çıxış edərək bələdiyyələrdə qadınların iştirakçılığının artırılması üçün təkliflərini səsləndirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini vəzifəsini icra edən Aynur Veysəlova-Abbasova “Qadınların yerli qərarvermədə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr” mövzusunda çıxış edərək Dayaq Mentorluq layihəsinin təqdimatını edib.

Daha sonra Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva “Yerli İdarəetmənin təşkilində qadın amili-reallıqlar və perspektivlər”, Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova “Yerli idarəetmədə qadınların tutduğu mövqe” mövzusunda çıxış edərək bələdiyyə strukturlarında qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Tədbir müzakirələrlə davam edib.

Yekunda Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf nazirliyinin (BMZ) siyasət şöbəsinin Şərqi Avropa, Cənubi Qafqaz üzrə məsul nümayəndəsi Jahr de Guerreronun iştirakı ilə təşkil olunan rəsmi naharda Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq məsələləri müzakirə olunub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Onlar nə əxlaqsızdırlar, nə dəli, nə bisavad... - Elçin Alıoğlu yazır

SONRAKI XƏBƏR

Almaniyada təyyarə ilə uçmağa görə “xəcalət çəkənlər”in sayı artır