Onlar nə əxlaqsızdırlar, nə dəli, nə bisavad... - Elçin Alıoğlu yazır

"Ağacı döyəclə, göz dəyər".. İfadə tanışdır. Bəlkə də hər biriniz nə zamansa deyibsiniz. Ola bilər.

Bu gün sizə mənfi enerjini udanlardan bəhs edəcəyəm.

Əyyami-qədimdə sayı bilinməyən sufi dərviş dərgahları arasında biri peyda oldu - "Məlamati ocağı".

Məlamati dərivşləri çox qəribə, ilk baxışdan insanı hiddətləndirən, anlaşılmaz, qeyz yaradan davranışları ilə tanınırdılar.

Onlar yamaqlı, cırıq xirqələrdə dolaşır, küçə-bacada qarşılarına çıxan insanlara söz atır, ağız əyir, qışqırır, oxuyur, qəhqəhə çəkirdilər. Bir sözlə, tənə eşitmək üçün əllərindən gələni edirdilər.

Onlar özlərini "Tənə qəlbi" adlandırırdılar.

Həmin dərvişlər nə əxlaqsızdılar, nə dəli, nə bisavad.

Tam əksinə, Eşq yolçuları, Həqq səyyahlarıydılar. İstisnasız olaraq hər biri Qurani-Kərimi əzbər bilirdi, yəni hafizdi.

Hər biri ərəb və fars dilinə mükəmməl bələddi. Hər biri fəlsəfədən və tibbdən agahdı.

Di gəl, dəli kimi davranırdılar.

Çünki "tənə qəlbi" idilər, məlamatilərdi onlar.

Əyinlərində qara xirqə olan məlamati dərvişlərinin belə çılğın, anlaşılmaz davranışlarının konkret məqsədi vardı. "Tənə qəlbi" olanlar vardıqları yerdəki insanların qəlblərindəki mənfi enerjini, fəsadı, kini çıxarmaq, baş verə biləcək bəlanı neytrallaşdırmaq istəyirdilər.

Ki, cəmiyyətdəki mənfi emosioanl enerji ən müxtəlif səbəblərdən yığılaraq partlayış həddinə çata bilir və bu da faciələrə səbəb olur.

Məlamatilərin məşhur şeyxlərindən olan Ömər Ağa Əli Şah ən tanınmış "tənə qəlbi" idi. Onun Buxara şəhərindəki nəqşbəndi dərvişlərinə yolladığı məktub durur.

Sufi Ömər Əlinin dediyinə görə, məlamati dərvişi "səma" durumuna düşərək adi insanı məhv edə biləcək mənfi enerjini həmin şəxsdən "alır", zəiflədir, yox edir.

Məlamati ocağını bütün başqa dərviş ocaqlarından fərqləndirən bir cəhət vardı: "tənə qəlbi" olmaq istəyəni məlamati şeyxi özü seçirdi. Dərgahın qapısı hər kəsə açılmazdı.

Sufi şeyx Xacə Əhməd Abdulla Bəlxi belə nəql edir:

"Məlamatilərə qatılmaq qərarına gəldim. Aylarla, illərlə rədd cavabı aldım, sonra nəhayət ki, dəvət aldım. Məni dərgaha aldılar, bir otağa apardılar. Çox böyük otaqdı. Şahlara layiq yerdi. Hər yer qızıl, zümrüd, mərmər, atlas, məxmər...

 

Xalıların üzərinə oturdular, səndəl yandırdılar. Sonra çox dadlı təamlar verdilər. Uzun müddət gözlədim. Düşündüm ki, məlamati dərvişi olmaq heç pis deyilmiş.

Dərgaha mənsubluğa qəbul olacağım anı gözləyərkən istəyim sürəklə artırdı. Nəhayət, qonşu otağa qapı açıldı və məni "tənə qəlbinin sınağı" üçün ora çağırdılar.

O otaq bambaşqa idi. Nə bəzək vardı, nəə xalılar, nə zinətlər. Hara baxsan, kül topaları... Niyə belə olduğunu, sınağa qatılan başqalarının harada olduqlarını soruşdum. Dedilər ki, sınaqdan keçməyənlərdən qalan yalnız bu kül topalarıdı.."

Məlamati dərvişləri mənfi enerjini "udurdular". Onlar insanları sanki içdən təmizləyir, onları fəsaddan və Şərdən xilas edirdilər.
Hərin nəhəng gücünə və potensialına məlamatilər Həqqin, Eşqin daha böyük gücünü qarşı qoyurdular.

Məhz məlamatilər mənfiliyi, fəsadı "çəkən"də əllərindəki əsanı yerə bərkdən vurur, "Çək, Hu!" qışqırırdılar. Mənfi enerjidən qorunmaq üçün əli ağaca vurmaq adəti də məhz bu ayindən yaranıb və dünyaya yayılıb.

Məlamatilərin digər ayini "Şəm və Ğəm" adlanırdı. Onlar bəlalı adamın ruhundakı, cəmiyyətin özündəki fəsadı, mənfi enerjini bir o qədər müsbət enerji ilə zərərsizləşdirirdilər. Müsbət "ləngər" qismində onlar zamandan, durumdan və dərvişin ustalıq səviyyəsindən asılı olaraq fərqli vasitələrdən yararlanırdılar.

Bu vasitə zikr, müqəddəs məkanlardan birinin fikir obrazı, şeyxin göz qabağına gətirilən siması, rəngin vizuallaşdırılması və s. ola bilərdi.

Dahi nağılbaz Hans Xristian Andersen də məlamatilərdən xəbərdardı.

O, 11 bəlxli qardaşın qatıldığı dərgaha işarə ilə yazdığı "11 qu quşu" nağılında məlamatilərin üsullarından birindən bəhs edib.

Nağılda belədir: sonradan qu quşlarına çevrilən 11 qardaşın bacıları Elizanı öldürmək üçün qəddar cadugər qadın suyun içinə üç qurbağa atır.

Qurbağalar qızın sinəsinə, qarnına və alnına atılmalı, onu qocaltmalı, eybəcər etməli idilər.

Fəqət, qızın üzərinə atılan qurbağalar qıxılgüllərə çevrilirlər.

Andersen bu nağılında məlamatilərin "şəksiz müsbət ruh vasitəsilə mənfinin müsbətə təcəllası" üsulundan bəhs edib.

Məlamatilər, obrazlı desəm, insanın ruhundakı qurbağanı çıxararaq qızılgülə döndərirdilər.

Yəni psixoloji back-up, mənfi enerjinin neytrallaşması...

Elçin Alıoğlu
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: "Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni məkana köçürülməsi ilə bağlı müvafiq işlər görülür"

SONRAKI XƏBƏR

Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb