Bakının ölümə aparan qaranlıq yolları: Kimlər tədbir görməlidir? - VİDEO

Bakının ölümə aparan qaranlıq yolları: Kimlər tədbir görməlidir? - VİDEO

Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir.

ARB TV əməkdaşları məsələni araşdırmaq üçün üz tutublar Bakının işıqsız qalan yollarına.

Hal-hazırda Zığ - Hövsan şosesində dirəklərin quraşdırılmasına baxmayaraq heç birində işıq yanmır. Bu yolda sürücülərə çətin anlar yaşadan digər səbəb isə gecə saatlarında dairənin mövcudluğunu göstərən işıq dirəklərinin heç birində işığın yanmamasıdır. Yolu tanımayan sürücü üçün bunun nə demək olduğu məlum məsələdir. Bu yoldan mütəmadi istifadə etməyən şəxs son anda gördüyü dairədə qəzadan yayınmaq, yaxud geriyə dönmək üçün qəfl əyləci basır və bu zaman özü ilə bərabər həm də arxada hərəkət edən digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmış olur.

Sürücü: “Bu yolun qaranlıq olması çox problem yaradıb. Piyada keçidlərini görmək çox çətinləşir. Bu yolu işıqlandırsalar daha yaxşı olardı. Çünki bir-iki dəfə başıma gəlib, az qalsın piyadanı vuracaqdım. Eyni zamanda piyada nişanlarını da görmək çətindir”.

Zülmət qaranlığa bürünən digər yol isə Abşeron rayonunun Höküməli, Qobu, Güzdək qəsəbələri, eləcə də Qaradağ rayonu istiqamətində gedən magistral yoldur. Bəs yolların işıqlandırılması işi hansı qurumun üzərindədir? Kim bu işə əncam çəkməlidi? Bu suallarla üz tutduq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Şəhər İşıqlandırma İdarəsinə. Qurum mövcud vəziyyətə bu cür aydınlıq gətirməyə çalışdı.

Məhərrəm Babayev - Bakı Şəhər İşıqlandırma İdarəsinin baş mühəndisi: “Yolda servis tərəfindən işlər tam başa çatmayıb, işlər tam yekunlaşdırıldıqdan sonra işıqlar yandırılacaq. Mərdakan, Qala yolu, dairəvi yol, Hövsan yolu və digər yerlərdə təmir işləri tam başa çatmayıb. Sözügedən yollar bizim idarənin balansına verilmədiyi üçün həmin yerlərdə işıqlar yanmır”.

Adıçəkilən qurumun - Avtomobil Yolları Dövlət Agentliyinin də məsələ ilə bağlı mövqeyini öyrəndik. Qurum rəsmisi deyir ki, Bakı Şəhər İşıqlandırma İdarəsinin fikirlərilə razılaşmaq mümkün deyil.

Hidayət Rüstəmov – AAYDA-nın rəsmisi: “Düzdür Bakı şəhərində hər yerdə işıqlandırma sistemi yoxdur. Ancaq o bizim xidmətimizdə vəya bizim balansımızda deyil. Yolu biz yenidən qurduğumuza görə o mənada deyirlər ki biz baxırıq”.

Qeyd edək ki, ötən il ölkə prezidenti “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. Yolların ölüm əvəzində işıq saçması üçün aidiyyatı qurum və ya qurumların üzərinə düşən vəzifə də təbii ki, məlumdur.

Mənbə: big.az