Qlobal istiləşmə: şəhərlər – problemin mənbələri və onun həlli yolları

Qlobal istiləşmə: şəhərlər – problemin mənbələri və onun həlli yolları

Bakı, 20 sentyabr, AZƏRTAC

Bütün dünyada havanın çirklənməsinin və planetimizi qlobal istiləşməyə doğru aparan parnik qazları emissiyalarının əsas mənbələri şəhərlərdir. Bununla belə, iqlim dəyişmələrinə qarşı mübarizənin ən mühüm və innovativ yollarını da məhz şəhərlər və şəhər sakinləri təklif edə bilərlər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu yaşayış məntəqələri üzrə BMT Proqramının (BMT Habibat) icraçı direktoru Maymunah Moht Şərif bəyan edib. O, BMT-nin İqlim Sammitində iştirak etmək üçün Nyu-Yorka gələcək liderlərə qoşulacaq. Proqramın köməyi ilə BMT iqamətgahında “İnfrastruktur, şəhərlər və yerlərdə fəaliyyət” adlı tədbir keçiriləcək. İqlim Sammiti çərçivəsində təşkil ediləcək doqquz görüşdən biri olan bu görüş Keniya və Türkiyə hökumətlərinin təşəbbüsü ilə gerçəkləşəcək.

Nə üçün şəhərlər iqlim dəyişmələrinə qarşı mübarizədə belə mühüm rol oynayır?

Şəhərlər dayanıqlı inkişafın hərəkətverici qüvvəsi və innovativ mərkəzləridir. Eyni zamanda sürətli urbanizasiya şəhər əhalisinin həddindən çox artmasına, şəhərlərin çirklənməsinə və parnik azları tullantılarının çoxalmasına gətirib çıxarır.

Müasir dövrdə Yer kürəsinin yeddi milyardlıq əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. 2030-cu ilə qədər planetimizin 5 milyard sakini şəhərliyə çevriləcək. Son illərdə dünyada meqapolislərin - 10 milyondan çox əhalisi olan iri şəhər aqlomerasiyalarının sayı artır. Dünyada əhalisi ən sıx olan şəhər aqlomerasiyası Tokiodur. Onun əhalisi 37,2 milyon nəfərdir. Sonra Dehli (22,7 milyon), Mexiko və Nyu-York (hər birində 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) gəlirlər.

Avqustun 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 10 milyon 27 min 874 nəfər təşkil edir. Urbanizasiya problemi bizim ölkəmizdən də yan keçməyib. Son məlumatlara görə, ölkə əhalisinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kənd yerlərində yaşayır.

Dünyanın enerji resurslarının böyük hissəsi şəhərlərdə istifadə olunur və planetimizi istiləşdirən parnik qazları emissiyalarının 70 faizi məhz şəhərlərin payına düşür. Şəhər rayonlarında karbon tullantılarının yüksək səviyyəsi müəyyən mənada nəqliyyat sisteminin səmərəsizliyi, yaşayış binalarının istilik izolyasiyasının pis vəziyyətdə olması ilə bağlıdır və bu da əsassız enerji itkilərinə gətirib çıxarır. Şəhər idarələrinin çoxu yaşayış rayonlarından uzaqda yerləşir. Bu isə o deməkdir ki, onların əməkdaşları avtomobillərdən istifadə edirlər. Bu da xüsusən ictimai nəqliyyat sisteminin pis işlədiyi şəraitdə vəziyyəti daha da ağırlaşdırır.

Bütün bu problemləri həll etmək üçün şəhər planlaşdırması və idarəçiliyinin yeni strategiyaları işlənib hazırlanmalıdır. Axı qlobal istiləşmənin nəticələrindən ilk növbədə məhz şəhər və şəhərlilər əziyyət çəkirlər.

Şəhərlər qlobal istiləşmənin nəticələrinin yumşaldılmasına nə kimi töhfə verə bilər?

Çox böyük töhfə. Şəhər planlaşdırılmasında və inkişafında yeni strategiyalara keçid. Belə şəhərlərdə daha çox velosiped yolları və piyada zonalar, yaşıllıqlar olacaq ki, bu da parnik qazları emissiyalarını kəskin azaltmağa imkan verəcək. Ekspertlərin fikrincə, gələcəyin “yaşıl” şəhərlərində işıqlandırılmasında, qızdırılmasında və soyudulmasında qazıntı şəklində yanacaqdan istifadə olunmayan binalar inşa edilməlidir.

BMT ekspertləri şəhər infrastrukturunu qabaqcıl texnologiyalar əsasında inkişaf etdirməyə çağırırlar. Məsələn, yaxın 30 ildə yeni binaların çoxu Afrika və Asiya ölkələrində inşa ediləcək. Onların layihələndirilməsi zamanı təbii havalandırma sistemi nəzərdə tutulmalıdır. Bu, bahalı və ekoloji baxımdan ziyanlı kondisionerlərdən imtina etməyə, yaxud onların sayını azaltmağa kömək edərdi.

Son illərdə bərpa olunan mənbələrdən əldə olunan enerjinin - günəş və külək enerjisinin qiyməti xeyli ucuzlaşıb. Bu isə o deməkdir ki, şəhərlilər, o cümlədən nəqliyyatda qazıntı halında çıxarılan yanacaqdan getdikcə daha çox imtina edəcəklər.

Parnik qazları emissiyalarının dörddəbir hissəsi və dünyada istifadə olunan enerjinin beşdəbir hissəsi nəqliyyatına payın düşür. Ekoloji təmiz az karbonlu nəqliyyata keçid əsrin ortalarında hökumətlərin, şirkətlərin və ayrı-ayrı şəxslərin ümumən 70 trilyona qədər ABŞ dollarına qənaət etmələrinə imkan verərdi. İndi bütün dünyada bir milyarddan çox sərnişin avtomobili var, 2040-cı ilə qədər onların sayı azı iki milyarda çatacaq. Bu isə o deməkdir ki, biz nəqliyyat emissiyalarını daha da azaltmaq üçün yollar axtarıb tapmalıyıq.

2040-cı ilə kimi bütün avtosatışların 55 faizi elektriklə işləyən avtomobillərin payına düşəcək. Bütövlükdə dünyada onların sayı qlobal avtoparkın üçdəbir hissəsini təşkil edəcək. Bəzi hesablamalara görə, bu, gündə 7,3 milyon barrel nəqliyyat yanacağına qənaət etməyə imkan verəcək və 2050-ci ilə qədər atmosferə 250 min ton karbon qazının tullanmasının qarşısını alacaq.

Şəhərlilər qlobal istiləşmənin nəticələrinə daha yaxşı hazırlaşmalıdırlar

Siklon və qasırğalar təhlükəsi ilə üzləşən sahilyanı şəhərlərin sakinlərinin sayı 2050-ci ilə qədər iki dəfə artacaq. Şəhərlərin yarısından çoxu seysmik təhlükəli zonalarda yerləşib. Təbii fəlakətlərin nəticələrindən ən az qurtulmaq şansı yoxsullardadır. Odur ki, belə şəhərlərin təbii fəlakətlərə davamlılığının artırılması dayanıqlı inkişafın prioritetinə çevrilməlidir.

BMT şəhər sakinlərinin həyatını yaxşılaşdırmağa imkan verən tədbirlərdən biri kimi şəhərlərin eninə genişlənməsinin qarşısının alınmasını təklif edir. Bu, gecəqonduların və qanunsuz tikililərin əmələ gəlməsinin qarşısını alardı. Hazırda kortəbii şəkildə yaranmış belə məskənlərdə təqribən 880 milyon əhali yaşayır.

Mənbə: azertag.az