Bakıda ögey bacısını və onun ərini öldürən şəxsin məhkəmə istintaqı başlayıb

Bakıda ögey bacısını və onun ərini öldürən şəxsin məhkəmə istintaqı başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə bu ilin fevral ayında "28 May" qəsəbəsi ərazisində baş verib. 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının meyitləri tapılıb. Oğlan bıçaq zərbəsi, qız isə boğularaq qətlə yetirilib.

Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin ögey qardaşı, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevinc boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

Bundan əsəbiləşən V.Behbudov S.Muradzadəni götürərək İ.Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O, daha sonra Nərimanov Rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

V.Behbudovun psixoloji problemləri olduğu bildirilərək, onu xəstəxanaya yerləşdiriblər.

Hakim bildirib ki, istintaq zamanı təqsirləndirilən şəxsin anlaqsız olduğu qənaətinə gəlinsə də, bu inandırıcı deyil, çünki o, istintaqın əvvəlində sağlam şəxs olaraq normal ifadə verib. Hakim bildirib ki, sonradan psixoloji problemi yaransa belə, bu, məsuliyyətdən azad etmir və sağaldıqdan sonra məsuliyyətə cəlb olunacaq.

Qeyd edək hazırlıq iclasında məhkəmə V.Behbudovun ruhi-əsəb dispanserindən istintaq təcridxanasına köçürülməsi barədə qərar edib.

Posesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində qətlə yetirilən İlkin Məmmədovun anası ifadə verib. O bildirib ki, Vəli Behbudovun əvvəllər psixoloji problemi olmayıb.

O istintaqa ifadəsini təsdiq etdiyini bildirib: "Gəlinimin qohumları deyirlər ki, guya mənə görə ayrılıblar, amma niyə boşanmaq üçün ərizə verildiyini özləri yaxşı bilir". O, bu işə obyektiv baxılmasını, təqsirləndirilən şəxsin layiqli cəzaya məhkum edilməsini xahiş edib.

Şahid Hacılı Sona bildirib ki, qətlə yetirilən İlkin Məmmədovun bacısıdır. O da qeyd edib ki, Vəli Behbudovla dəfələrlə məclislərdə olub və heç zaman psixoloji problemi olduğunu müşahidə etməyib: "Hətta qardaşımın İnstaqram səhifəsində birlikdə videoları da var, birlikdə deyib-gülürlər".

Qətlə yetirilən İ.Məmmədovun xalası Bəsti İbrahimova da şahid qismində ifadə verib. O da V.Behbudovun sağlam olduğunu deyib.

Şahid Güllü Cəfərova bildirib ki, onların İlkin və Sevincin yaşadığı evdə qonşuları olub. Həyətə girəndə hər ikisinin öldürüldüyün görüb. Bundan sonra təcili yardıma və polisə məlumat verib.

Vəli Behbudovun əmisi Rəşid Behbudov bildirib ki, qardaşı oğlu psixoloji probleminə görə hərbi xidmətə getməyib. O suallara cavab olaraq qeyd edib ki, Vəli Maştağada yerləşən ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Vəli Behbudovun bacısı Zəhra Muradzadə söyləyib ki, qardaşı özünü qapalı aparıb, evdə anormal hərəkətlər edib. O suallara cavab olaraq qardaşının işlədiyini diqqətə çatdırıb.

İlkin Məmmədovun anası deyib ki, Vəli əvvəllər telefon ustası işləyib: "Ağlı olmayan adam isə telefon düzəldə bilməz".

Zəhranın həyat yoldaşı da oxşar ifadə verib.

Qətlə yetirilən Sevinc Muradzadənin və Vəli Behbudovun anası da şahid qismində dindirilib. Onun sözlərinə görə, oğlu uşaq vaxtı yıxılıb və başına dəmir düşərək zədə alıb: "Onda özünəqapanma, əsəbilik vardı".

Proses oktyabrın 16-a davam etdiriləcək.

Qeyd edək ki, V.Behbudov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham olunur.

Mənbə: report.az