Bakıda keçirilən seminarda iştirak edən xarici qonaqlar Dövlət Yol Polisinin fəaliyyəti ilə tanış olublar

Bakı, 9 oktyabr, AZƏRTAC

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) ilə birgə əməkdaşlıq şəraitində Bakıda “Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda region ölkələrinin, UNESCAP-ın katibliyinin, ABŞ və Yaponiyanın ekspertləri, o cümlədən nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak ediblər.

Seminarın məqsədi yollarda baş verən qəzaların səbəblərini araşdırmaq və həlli yollarını müzakirə etmək olub. Çıxış edənlər ölkələrində baş vermiş yol-nəqliyyat hadisələrinin statistik göstəriciləri, baş vermə səbəbləri və bu problemin həlli istiqamətində görülən işlərlə bağlı təqdimatla çıxış edib, müzakirələr aparıblar.

Qonaqlar seminarın ikinci günündə Azərbaycanda yol polisi xidmətinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün DYP-nin stasionar postunda olub, görülən işlərlə maraqlanıblar. Onlara baş vermiş yol-nəqliyyat hadisələrinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin idarəetmə şöbəsinin kameraları vasitəsilə dərhal reaksiya verilməsi və qeydə alınmış qayda pozuntularının mərkəzi informasiya sisteminə inteqrasiyası prosesi barədə məlumat verilib.

Azərbaycanda DYP üçün yaradılmış şərait, vətəndaşlara göstərilən xidmət səviyyəsi, patrul avtomobillərinin müasir texniki avadanlıqla təchiz olunması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib  YENİLƏNİB

SONRAKI XƏBƏR

Həsən Böyükdədə: "İntersertin Azərbaycana xeyirli olacağına inanıram"