Terminologiya Komissiyasının iclası keçirilib

Terminologiya Komissiyasının iclası keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan bölmənin sədri, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafına və saflığının qorunmasına ciddi diqqət yetirdiyini, bu siyasi kursun uğurla davam etdirilməsində Terminologiya Komissiyasının böyük rolu olduğunu vurğulayıb. Akademik müxtəlif elm sahələri ilə bağlı terminoloji lüğətlərin hazırlanmasının həm tədqiqatların səmərəliliyinin artırılması, həm də dilin zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.

Əhliman Əmiraslanov Terminologiya Komissiyasının Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə yenidən baxılmasına ciddi zərurət yarandığını deyib, bu məsələ ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağını bildirib.

Alim terminologiya ilə bağlı bütün problemlərin geniş şəkildə müzakirəyə çıxarılması və müvafiq sahə mütəxəssislərinin iştirakı ilə elmi əsaslı qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb. Bu kimi terminoloji məsələlərlə bağlı məlumatların Terminologiya Komissiyası ilə birgə müzakirə edilmədən mətbuata və sosial şəbəkələrə ötürülməsinin mənfi nəticələr verə biləcəyini söyləyib. Həmçinin elmin terminoloji problemləri ilə məşğul olmaq məqsədilə elmi-tədqiqat institutlarında ciddi işlər aparılmasının məqsədəuyğun olduğunu bildirib.

Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində elmi terminologiya problemlərinə hər zaman həssaslıqla yanaşıldığını deyib. Alim son illərdə Terminologiya Komissiyasının qərarı ilə çapdan çıxmış “Hərbi-tibbi terminlərin izahlı lüğəti”, “Onkologiya terminləri lüğəti” kimi əsərlərin Azərbaycan tibb elminə dəyərli töhfə olduğunu vurğulayıb.

Sayalı Sadıqova Terminologiya Komissiyasının fəaliyyət prinsiplərindən, terminologiyaya qoyulan tələblərdən də danışıb. O, AMEA-nın Zoologiya İnstitutu tərəfindən müzakirəyə təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” üzrə informasiya sisteminə daxil ediləcək heyvan adları və terminlərlə bağlı bir sıra mübahisəli məqamlara toxunub, ortaya çıxan sualları diqqətə çatdırıb.

AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov Azərbaycanda mövcud olan onurğalılar faunasının sistematikası, növ tərkibi, heyvan və quşların adları ilə bağlı yığılıb qalmış problemlərin həlli üçün rəhbərlik etdiyi elm müəssisəsi, Bakı Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin gördüyü işlərdən, bir il ərzində aparılmış araşdırma və müzakirələr nəticəsində hazırlanmış sənədin qəbulunun vacibliyindən danışıb. O, araşdırmalar nəticəsində Azərbaycanın onurğalılar faunasının növ tərkibinin dəqiqləşdirildiyini xüsusi vurğulayıb.

Müzakirələrdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, eləcə də digər alimlər çıxış edərək təklif və mülahizələrini irəli sürüblər.

Bildirilib ki, dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilməsi dilçi alimlər qarşısına yeni vəzifələr qoyub. Bu vəzifələrin həyata keçirilməsi və uğurlu nəticələrin əldə edilməsi məqsədilə müvafiq sahə mütəxəssisləri öz səylərini birləşdirməli, birgə fəaliyyət göstərməlidirlər.

İclasın sonunda akademik Əhliman Əmiraslanov “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı sənədin yenidən müzakirə edilməsi və yekun rəylərin verilməsi üçün aidiyyəti şəxslər və dilşünas alimlərdən ibarət işçi qrupu yaradılmasını təklif edib.

Mənbə: azertag.az