Türkiyə Sənaye və Texnologiya nazirinin müavini Azərbaycan Texniki Universitetində olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdedenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev ilə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor türkiyəli qonaqlara rəhbərlik etdiyi təhsil ocağı haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, universitetin strateji inkişaf hədəflərindən danışıb. Professor Vilayət Vəliyev bildirib ki, universitetdə aparılan elmi tədqiqat işlərinin ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərinə uyğun altı istiqaməti müəyyən edilib və bu əsasda fakültələrin yenidən təşkilinə qərar verilib.

“Texniki Universitet Azərbaycan iqtisadiyyatı üçün önəmli müəssisədir”, - deyən rektor vurğulayıb ki, atılacaq önəmli addımlar AzTU-nun beynəlxalq reytinqini artıraraq gələcəyin modern universitetinə çevirəcək.

Nazir müavini Hasan Büyükdede Türkiyədə texniki universitetlərin sənayenin müxtəlif sahələri ilə əməkdaşlığından danışıb. Nazir müavini vurğulayıb ki, tələbələr nəzəri biliklərini istehsalatda tətbiq etməlidirlər və bu, iqtisadiyyata yeni töhfələr verə bilər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Tvinninq layihəsi çərçivəsində seminar

SONRAKI XƏBƏR

RUSİYA VƏ TÜRKİYƏ QARŞILIQLI TİCARƏTDƏ DOLLARDAN İMTİNA EDİB