“Nöqsanlara yol verən direktorun cəzalandırılması başqalarına dərs olacaq” - Deputatlar

“Nöqsanlara yol verən direktorun cəzalandırılması başqalarına dərs olacaq” - Deputatlar

Bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktorlarından birini qanunsuz şəkildə müəllimlərdən pul yığdığı üçün işdən çıxarılması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Maraqlıdır, bu şəkildə yanaşma təhsildə qeyri-qanuni halların qarşısını birdəfəlik ala biləcəkmi?

Məsələ ilə bağlı danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Dilarə Cəbrayılova bildirib ki, atılan bu cür sərt addım özbaşınalıqların qarşısını alacaq:

"Təhsil Nazirliyi öz istiqamətini çox doğru götürüb. Hər xəbərdarlıq bu cür özbaşınalıq edən şəxslər üçün bir dərsdir".

Deputat Pərvin Kərimzadə isə deyib ki, məktəb direktorları baş verən neqativ hallara görə məsuliyyət daşımalıdırlar:

"Son illər təhsildə aparılan islahatlar, dəyişikliklər sayəsində bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaranıb. Belə bir vaxtda bu cür neqativ halların baş verməsi acınacaqlı haldır. Ölkəmizdə orta ümumtəhsil məktəblərinin səviyyəsinin yüksək standartlara qaldırılması üçün Təhsil Nazirliyi tərəfindən ardıcıl islahatlar həyata keçirilir. Neqativ halların qarşısının alınması istqiamətində təhsil naziri Ceyhun Bayramovun rəhbərliyi ilə daim köklü işlər görülür. Bu il ərzində işlərində yol verdikləri nöqsanlara görə 6 rayon Təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, 8 məktəb direktoru, 6 direktor müavininin əmək müqaviləsinə xitam verilib.

Unutmaq olmaz ki, məktəb müqəddəs ocaqdır. Burada bəzi xoşagəlməz halların mövcudluğu təhsil sahəsində aparılan islahatlara kölgə salır. Bu ada ləkə gətirənlər layiqli cəzasını almalıdır ki, başqaları da bundan nəticə çıxarsın”.Modern.az-a

Mənbə: aztehsil.com