Sabiq nazirlə eks-prezident köməkçisi arasında QALMAQAL: - “Yalandır!”

Sabiq nazirlə eks-prezident köməkçisi arasında QALMAQAL: - “Yalandır!”

Xalq Cəbhəsinin hakimiyyəti dövrüdndə təhsil naziri olmuş Firudin Cəlilovun mətbuatda dərc olunmuş müsahibəsi qalmaqala səbəb olub. “Bakupost”a danışan Firudin Cəlilov eks-prezident Əbülfəz Elçibəy haqqında kəskin ifadələr işlədib. Elçibəyin hakimiyyətə gəlməsində özünü də günahkar sayan F.Cəlilov onu zəif adam kimi xarakterizə edib, bir sıra məqamlara toxunub və test üsulunu təhsilə özünün gətirdiyini vurğulayıb.

Firudin Cəlilovun açıqlamaları Əbülfəz Elçibəy tərəfdarlarının qəzəbinə səbəb olub.

Modern.az-ın məlumatına görə, eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Firudin Cəlilovu gop, yalan, böhtan danışmaqda ittiham edib.

“Firudin Cəlilov əvvəllər də verdiyi bəzi müsahibələrdə Əbülfəz bəyə qarşı etikaya uyğun olmayan formada qərəzini büruzə vermişdi. O zaman xəstəliyini nəzərə alıb cavab verilməmişdi. Amma indi elə iddialar səsləndirib ki, şahidi və iştirakçısı olduğumuz yaxın tarixi saxtalaşdırmasına dur demək zərurəti yarandı”.

F.Cəlilovun "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır" ifadələrinə diqqət çəkən O.Qasımova “Adamdan soruşarlar ki, nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın?” deyə sual edib.

O.Qasımov daha sonra əlavə edib: “Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir?”.

O.Qasımov qeyd edib ki, hakimiyyətə gəlməzdən əvvəl bir universtitet müəllimi olan Elçibəy təhsil sahədəki problemləri yaxşı bilir, bu sistemindəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmağın yolunun test üsulunun tətbiqindən keçəcəyinə dərindən inanırdı.

“Misirdə işlədiyi vaxtdan bu barədə düşünmüş sonrakı dövrlərdə Türkiyədən gələn təhsil mütəxəssisləri ilə bu mövzuda xeyli müzakirələr aparmış, test üsulunun tətbiqi məsələsini seçki platformasına daxil etmişdi. İdeyanın müəllifinin Elçibəy olduğunu çox sayda şahidlər təsdiqləyə bilər”.

Oqtay Qasımovun sözlərinə görə, Elçibəylə F.Cəlilovun münasibətləri 1991-ci ilə qədər yaxın olsa da, o zaman Ali Sovetdə Latın əlifbasına keçidlə bağlı aparılan müzakirələr aralarında soyuqluq yaranmışdı.

“Belə ki, Elçibəy gələcəkdə yaranacaq vahid Türk əlifbası məsələsində onunla həmrəy olduğunu bildirən Firudun müəllimə aralarındakı razılaşmanın Ali Sovetdədəki müzakirələrdə yeni əlifbada nəzərə alınmasını təklif etməyi tövsiyə edir. O isə bu söhbəti mərhum İsmayıl Şıxlıya çatdıraraq prosesə mane olduğundan, Elçibəy bunu ona sonadək bağışlamadı. Hakimiyyət dönəmində prezident tərəfindən qəbul edilməyən nazirin onun qapısını çırpıb getmək uydurması sadəcə gülüş doğurur və qeyri-ciddidir. Firudun müəllimi Baş nazirin müavini vəzifəsinə Elçibəy yox, Mütəllibov təyin edib və 18 may 1992-ci ildə Rəhim Hüseynov başda olmaqla Mütəllibovun 14 mayda təyin etdiyi bir çox şəxslərin təyinatı əldə edilən razılaşmaya görə Ali Sovetdə təsdiq edilib. Elçibəyin Cəlilova soyuq münasibətinin nəticəsi və işindəki bəzi nöqsanlara görə Təhsil Nazirliyi iki yerə ayrııb və digər hissəsinə mərhum Tofiq Haciyev rəhbər təyin edilib”.

O.Qasımov deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) o zaman da Təhsil Nazirliyinə yox, birbaşa prezidentə tabe olduğundan bu qurumu F.Cəlilovun yaratması fikri yalandır.

Mənbə: www.regionxeberleri.com