Azərbaycanın “xrustal qab” bazarında böyük saxtakarlıq

Azərbaycanın “xrustal qab” bazarında böyük saxtakarlıq

Azərbaycanda ailə dəyərlərindən, mentalitetdən irəli gələn bir sıra adətlər var. Bunlardan ən mühümlərindən biri qonaq üçün ayrıca qab-qacağın istifadə olunmasıdırsa, digəri də ər evinə yola salınan qızlara bahalı büllur və bohemia qabların cehiz verilməsidir. Elə bir çox işbazlar da xalqımızın bu adətlərindən sui-istifadə etməklə külli miqdarda var-dövlət toplayırlar. Onlar müxtəlif, əsasən da Çexiya firmalarının etiket və firma nişanlarını saxtalaşdırıb saxta qabların üzərinə vurmaqla insanları kütləvi şəkildə aldadırlar.

"Tom-xrustal”, yoxsa adi şüşə?

Bu gün Azərbaycanın bütün ticarət mərkəzləri, yarmarkalarında ayrıca qab-qacaq bölmələri, minlərlə qab-qacaq mağazaları fəaliyyət göstərir. Apardığımız müşahidələr göstərir ki, son illərdə Azərbaycanda büllur-xrustal qabların kütləvi satışı genişlənib. Hələ sovet dövründə ölkəmizdə çex xrustalı və bohemia qablar yüksək bahalığı ilə seçilirdi. Yəni Azərbaycan alıcısı üçün çex bülluru yeni marka deyil. İnsanların şüurunda çex bülluru keyfiyyət simvoluna çevrilib. Özü də belə qabların bahalığı ilə seçilməsi şərtilə. Bu yanaşmadan xəbərdar olan böyük bir qrup işbaz çex bülluru adı ilə bazarlara iri həcmdə qablar çıxarırlar. Ölkənin ən böyük yarmarkalarında kütləvi şəkildə təklif olunan bu məhsulların üzərindəki etiket diqqətimizi cəlb etdi. Belə ki, etiketdə istehsalçı firma olaraq "Tom Bohemia” adı qeyd edilib. Bütün mağazalarda, satış nöqtələrində, Facebook, İnstaqram səhifələrində reklam olunan, "Tom-xrustal” adı ilə satılan qabların, suvenirlərin üzərinə eyni etiket vurulub. Etiketdəki "Hand Cut Lead Crystal” ifadəsi bu qabların əl işi olduğunun göstəricisidir.

Yuxarıda da qeyd etdik ki, saxta malların bazara çıxması qeyri-mümkün olan sovet dövründə belə Çexiya büllurunu almaq hər adamın imkanında deyildi. Bütün dünyada büllur və bohemia məmulatlar istehsalçısı kimi tanınan Çexiya firmalarının böyük əksəriyyəti məhz əl işləri təklif etdiklərinə görə onların məhsulları çox yüksək qiyməti ilə tanınır. Bu baxımdan, Azərbaycanda aşağı və orta təbəqə üçün əlçatımlı qiymətə olan bu qabların əsl çex bülluru olmadığı gün kimi aydındır.

Buna baxmayaraq, "Tom Bohemia” markası ilə qab satan əksər mağazalar birmənalı şəkildə təklif etdikləri məhsulların Çexiyadan gətirildiyini, əsl büllur və bohemia olduğunu bildirdilər. Bakıxanov qəsəbəsindəki yarmarkada, "Binə” və "Sədərək”dəki satıcılarla söhbətimizdə eyni təkidli mövqenin şahidi olduq. Satıcılar birmənalı olaraq mallarının əsl mal olduğunu deyir, əsas kimi də üzərindəki etiketi göstərirdilər.

Çexiya firmasının adından kimlər istifadə edir?

Lakin bu təkidlərə rəğmən, satışa büllur və bohemia adıyla çıxarılan qabların böyük əksəriyyətinin əsl büllur və bohemia olmadığını isbatlamaq elə də çətin olmadı. Belə ki, bu günlərdə Praqada olan əməkdaşımız şəhərin çoxsaylı büllur və bohemia qab mağazalarında olub, "Tom Bohemia” firmasının məhsullarını axtarıb. Və bütün cəhdlərinə rəğmən bu firmanın bir məhsulunu belə tapa bilməyib. Hər biri məşhur bir firmanın məhsulunu satan mağazalardan həmin firma barədə məlumat almaq istəyən əməkdaşımıza mağaza işçiləri, rəhbərləri birmənalı olaraq belə bir firma tanımadıqlarını deyiblər. Beləliklə, aydın olur ki, Azərbaycana bu qədər böyük həcmdə mal ixrac edən bir firmanı... Çexiyanın köklü firmalarından heç birində tanıyan yoxdur.

Bəs Azərbaycanda satılan qabların üzərində adı qeyd olunan firma harada yerləşir? İnternet resurslarında apardığımız axtarışlardan məlum oldu ki, Çexiyada "Tom Bohemia Crystal” adlı firma fəaliyyət göstərir. İnternet saytında verilmiş məlumatdan aydın olur ki, firmanın əsası 1931-ci ildə Çexiyanın Jeleznaya Broda adlı kiçik şəhərciyində qoyulub. Cəmi 6500 nəfər əhalisi olan bu şəhərcik xrustal və bohemia qablar istehsalı ilə dünyada məşhurdur. Qablar istisnasız olaraq əl işləridir, kütləvi istehsal aparılmır. 1948-ci ildə 130 işçisi olan firma milliləşdirilib, 1990-cı ildə Tom ailəsi yenidən öz nəsil işini bərpa edib. Hazırda firmada 100-ə yaxın işçi çalışır. Firmanın cəmi 2 ölkədə - İran və Britaniyada nümayəndəliyi var. Hətta Çexiyanın özündə belə firmanın istehsal gücü cəmi 2 mağazanı təmin etməyə çatır. Dünyada tanınmış Çexiya büllur və bohemia qab istehsalçıları arasında "Tom Bohemia Crystal”ın adı çıxmır. Tanınımış çex büllur və bohemia qab istehsalçıları olaraq hazırda "Caezar Crystal Bohemia”(1861, sırf əl işləri), "Gold Crystal”(2004, əl işi və zavod istehsalı, interyer materialları), "Jihlava”(məişət qabları), "RONA”(əsl büllur qablar), "Riva Glass”(əl işi və çox bahalı vaza, meyvə qabları, bokal dəstləri və digər eksklüziv məhsullar) tanınır.

Azərbaycanda büllur və bohemia kimi təklif edilən qabların üzərindəki etiketdə firmanın adı yarımçıq qeyd olunsa da, onun brend işarəsi vurulub. Bu qabların "Tom Bohemia Crystal”ın məhsulu olmadığını bir neçə baxımdan sübut etmək çətin deyil. Belə ki, Azərbaycanda satılan malların mühüm bir hissəsi büllur adıyla təqdim edilir. Halbuki "Tom Bohemia Crystal” əsasən rəngli bohemia qablar istehsalçısıdır. Azərbaycanda bu firmanın adıyla satılan qabların xeyli hissəsi süni keramikadan hazırlanıb – "Tom Bohemia Crystal” hətta təbii keramikadan qab hazırlanmır. Başqa bir məqam, Azərbaycanda bu firmanın istehsalı deyə təqdim edilən rəngli qabların üzərində qabarıq döymə və ya zərli işləmələr var. Halbuki "Tom Bohemia Crystal” qabarıq döymə və zərli işləmələrdən istifadə etmir.

Nəhayət, ən əsas məqam. Sırf əl işi olduğu üçün bu firmanın məhsulları yüksək qiyməti ilə seçilir. Firmanın ən ucuz şamdanının qiyməti 1028 çex kronu və ya 74 manatdır. Bir şərab bokalı 188 manatdır və sair. Azərbaycanda isə firmanın məhsulu kimi təqdim olunan şamdanların qiyməti 15-20 manat, bokal dəstləri 25-45 manat aralığında dəyişir. Rusiyada "Tom Bohemia Crystal”ın malları cəmi bir neçə mağazada təklif olunur. Bu halda sual yaranır: Çexiyanın özündə belə tanınmayacaq qədər kiçik olan bir sənətkar emalatxanası Azərbaycanın bütün yarmarkaları, dükan-bazarlarını dolduracaq qədər məhsul istehsal etmək gücündə deyilsə, ölkəmizə kütləvi şəkildə bu qablar haradan gətirilir?

Yuxarıda da qeyd etdik ki, "Tom Bohemia Crystal”ın İranda nümayəndəliyi, istehsal emalatxanası var. Böyük ehtimalla, Azərbaycanda satılan qablar İranda istehsal olunaraq bura gətirilir, daha sonra üzərinə etiket vurulur. Rəsmi statistikaya nəzər salsaq, görərik ki, ölkəyə büllur qablar idxalı elə də böyük həcmdə deyil. Belə ki, bu ilin 6 ayında Azərbaycana ümumilikdə qurğuşun büllurundan 66,33 min ədəd içki üçün ayaqcıqlı qablar, 169,34 min ədəd içki üçün digər qablar, 68,92 min ədəd süfrə qabları və ya mətbəx qabları, 69,14 min ədəd qurğuşun billurundan digər şüşə məmulatları idxal olunub. Bu məhsullar arasında Çexiyanın payı yalnız qurğuşun billurundan digər şüşə məmulatlarında böyükdür – 69,14 min ədədin 49,69 min ədədi bu ölkədən gətirilib. Qalan məhsullarda Çexiyanın payı ən yaxşı halda 15 faizə çatır.

Göründüyü kimi, büllur və bohemianın vətənindən ölkəmizə bazar və yarmarkaları dolduracaq qədər qab gətirilmir. Ümumiyyətlə, əsl büllur və bohemianın idxalı bu qədər bolluq yaradacaq səviyyədə deyil. Digər tərəfdən, xaricdə saxta etiketlənmiş qabların gömrük nəzarətindən əsl qab adıyla keçirilməsi də mümkün deyil. Bu isə o deməkdir ki, müxtəlif ölkələrdən gətirilən adi şüşə qablar burada saxta etiketlə etiketlənir və satışa çıxarılır. Belə ölkə qismində isə İran çıxış edə bilər. Çünki rəsmi statistikadan aydın olur ki, Azərbaycana adi şüşə qabların böyük əksəriyyəti bu ölkədən idxal olunur. Məsələn, bu ilin ilk yarısında Azərbaycana cəmi 5 milyon 920,93 min ədəd mətbəx və yeməkxana üçün digər şüşə qablar, 4 milyon 940,44 min ədəd digər şüşədən süfrə qabları (içki qablarından başqa) və ya mətbəx qabları idxal olunub. Bu iki məhsuldan birincinin 5 milyon 538,39 min ədədi – yəni 95 faizdən çoxu, ikincinin isə 45 faizdən çoxu – 2 milyon 27,45 min ədədi İrandan gətirilib.

Əsl büllurla saxtanı necə fərqləndirmək olar?

Ölkədə büllur və bohemia adıyla kütləvi satılan məhsulları əsl maldan fərqləndirmək xeyli asandır. Belə ki, şüşə qablar istehsalında əsas yeri xammal tutur. Belə ki, burada müxtəlif adda əsas və köməkçi materiallardan istifadə olunur. Bu materiallara əsas kvars qumu, potaş, susuz soda, dolomit, qurğuşun, rəngalıcı, rəngləyici, işıqlandırıcı, şəffaflaşdırıcı, şəffaflığı azaldan və s. daxildir. Bu maddələrin nisbəti qabların keyfiyyətinin əsas göstəricisi hesab olunur. Büllur qablarla bağlı Avropa Birliyinin standartına əsasən əsl büllur materialın tərkibində qurğuşunun miqdarı 10 faizdən yuxarı olmalıdır. Yüksək keyfiyyətli büllurun tərkibində qurğuşun 30 faizdən yuxarı olmalıdır. Əgər qurğuşunun miqdarı 4 faizdən aşağıdırsa, o adi şüşə hesab edilir.

Çexiyada tərkibində 24 faiz və ondan yuxarı qurğuşun olan büllur əsl büllur hesab olunur. Amma məsələn, ABŞ-da qurğuşunu 1 faizdən çox olan malı da büllur hesab edirlər. Büllur və bohemia materiallar işıq şüalarını qırmaları ilə tanınır – çoxsaylı qırılmalar materialın bərq vurmasına səbəb olur. Adi şüşə və ya saxta büllurda bu olmur.

Daha bir fərqləndirici cəhət qabın ağırlığıdır. Əsl büllur və bohemia qabların ən kiçiyi belə ağırlığı ilə seçilir – saxta mallarda belə ağırlıq olmur. Məsələn, "Tom Bohemia Crystal”ın kiçik bir bokalı 760 qram ağırlığındadır.

Əsl büllur və bohemia qablar kristal təmizliyə malik olur – tərkibində hava boşluqları və kiçik hissəciklər olmur.

Nəhayət, əsl büllur və bohemia qabları bir-birinə yüngülcə toxundurduqda, cingilitili səs verməlidir. Bu səs minimum 4 saniyə davam etməlidir.

P.S. Azərbaycan bazarını bürümüş büllur və bohemia adı ilə satılan saxta qablarla bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

Mənbə: veteninfo.az