Banklar Elman Rüstəmovun "kantoruna" qarşı... - Nə baş verir?..

“Son zamanlar müştərilər sığortalanan əmanət faizlərinə üstünlük verirlər”

Bir neçə gün öncə Mərkəzi Bank depozitlərlə bağlı məlumat yaydı ki, vətəndaşların banklardakı depozitləri bu ilin aprel ayından bəri ən aşağı həddə düşüb. Məlumata görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır.

Bütövlükdə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb. Həmin ay banklarda 8 milyard 715 milyon manat əmanət saxlanılırdı. İyul ayına banklar 8 milyard 736 milyon manat, iyuna isə 8 milyard 622 milyon manat əmanətlə daxil olmuşdu.

AYNA olaraq depozit qoyuluşlarının azalması faktı ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Faktın doğru olub-olmadığını, depozitlərin azalmasının səbəblərini öyrənməyə çalışdıq.

Suallarımızı ilk olaraq “Unibank” cavablandırdı. Bankın Mətbuat xidmətinin rəhbəri Sülhiyyə Şirinovanın verdiyi məlumata görə, ilin əvvəlindən etibarən “Unibank”da depozit portfelinin həcmində artım müşahidə olunub: “Hazırda “Unibank”da müştərilərə istəklərinə uyğun olaraq, dörd depozit növü təqdim olunur. Bankda manatla depozit qoyuluşlarında minimal faiz dərəcəsi 7%, maksimal faiz dərəcəsi isə 10%-dir. Dollar valyutasında depozit faizlərinin maksimal həddi isə 1.7%-dir”, – deyə bildirilib.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu il iyulun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan banklarda milli valyutada 10%-dək, xarici valyutada 2,5%-dək yerləşdirilən depozitlər sığorta olunur”.

“Depozit faizlərinin artıb-azalması ümumi bazar tendensiyaları əsasında müəyyənləşdirilir. Bu zaman bankın depozit vəsaitlərinə həmin müddətdə ehtiyacı da nəzərə alınır”, - deyə əlavə etdi.

Nikoil Bankın mətbuat xidmətinin nümayəndəsi Nurlana Musayeva isə bildirdi ki, Mərkəzi Bankın məlumatı ümumi olaraq qeyd olunub: “Bizim bankda depozit portfelinin artımı müşahidə olunur. Faiz dərəcələri isə stabil olaraq qalır və son zamanlar müştərilər sığortalanan əmanət faizlərinə üstünlük verirlər”.

“Depozitlərin azalması faktının əhalinin banklara inamının olmaması və ya depozitlərin faiz dərəcəsinin aşağı olmasıyla əlaqələndirmək olarmı?” sualımıza isə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) cavab almağa çalışdıq.

Fonddan sualımıza belə cavab verildi: “Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2019-cu il iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib. Bu müddətədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır”.

ƏSF-nin açıqlamasında o da qeyd edildi ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Regionxeberleri.com

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Türkiyəyə qarşı çıxdı - "Ankara Suriyanın işğalını dayandırmalıdır"

SONRAKI XƏBƏR

Sığorta şirkətinin sədr müavini - İŞDƏN ÇIXARILDI