İran şirkətinin Şuşa məscidini təmir etməsinə sərt reaksiya: “Qanunsuzluqdur…”

"İran adlı dövlət sanki İslam həmrəyliyini pozmaq üçün yaranıb. Şuşadakı Gövhər Ağa məscidinin İran tərəfindən təmir edilməsi də bu mənada Tehranın Azərbaycanın işğal altında olan ərazilərinə və Ermənistana münasibətinin göstəricisidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında İran şirkətinin Şuşadakı Gövhər Ağa məscidini təmir etməsinə münasibət bildirərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib: "Sözügedən məscidin təmirində iştirak edən İran vətəndaşları qanun pozuntusuna yol veriblər və buna şərait yaradan İran tərəfi də həmin qanunsuzluğa gedənlərin başında dayanır. İran tərəfi işğal altında olan başqa yerlərdəki məscidləri də təmir edə bilərdi, amma etmir. Məsələn, Ağdamdakı məscid təmir olunmur”.

S. Soltan bildirdi ki, Tehran heç bir dəlil və sübut olmadan Gövhər Ağa məscidini türk mədəniyyət abidəsi kimi deyil, fars mədəniyyəti abidəsi kimi təqdim edir:"İran heç bir əsas olmadan hesab edir ki, bütövlükdə Cənubi Qafqaz və Şimali Qafqazın müəyyən hissəsində fars mədəniyyəti hakim olub. Belədə onlar özlərini bir növ həmin ərazilərin yiyəsi kimi aparır. Odur ki, Şuşadakı Gövhər Ağa məscidinin təmir-bərpa olunmasında İranın barmağının olması təbiidir. İrandan bundan artığını gözləmək də olmaz. İran işğal olunmuş torpaqlarımızla bağlı Azərbaycan üçün nə pislik lazımdırsa, onun hamısını edir. Bu kimi addımlarla Tehran ermənilərə xidmət etdiyini bir daha ortaya qoydu. Vaxtilə həmin məscidləri məhz ermənilər 1992-ci ildə dağıdıb. İndi İran qanunsuz olaraq onları təmir etməklə belə fikir formalaşdırmağa çalışırlar ki, guya ermənilər İslam mədəni abidələrinə sayğı ilə yanaşır”.

Həmsöhbətimizin fikrincə, bu məscidin belə bərpa edilməsi Azərbaycan türklərinin izinin oradan silinməsinə xidmət edir: "Gələcəkdə ermənilər dünyaya yayacaq ki, bu guya fars məscididir. Halbuki həmin məscidlər tikilən dövrdə indi İran adlanan ərazidə fars mədəniyyəti deyildi. Həmin dövrdə bölgədə Qacar türkləri hakim idi və həmin məscidlər də məhz Qacar türklərinin mədəniyyət abidəsidir. İndiki halda, Tehran məhz bu mədəniyyət abidələrindən türk adının silinməsi üçün İrəvana yardım edir”.

Elçin

Sfera.az

Sfera.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və Rusiya dollardan imtinaya hazırlaşır: Təzyiqlərdən beziblər - AKTUAL

SONRAKI XƏBƏR

PKK bizimlə çalışdı: Ərdoğana isə inanıram - Trampdan şok