Ali Məhkəmə 1994-2010-cu illərdə hərbi tribunallarda çalışmış məhkəmə işçilərinə müraciət edib

Azərbaycan Ali Məhkəməsində yaradılan Komissiya istifadə edilməmiş (1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək) növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi üçün sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularına müraciət edib.

"Report"un xəbərinə görə, müraciət "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 №-li qərarını təmin edilməsi məqsədi ilə edilib.

Müraciətdə bildirilib ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi üçün sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəməsinin üzvləri və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuları Komissiyaya aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi;

Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itirildiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti);

Əmək kitabçasının surəti (notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən təsdiq edilməlidir);

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrindən şəxsi işin xidmət dəftərçəsi əsasında xidmət müddəti, yeri, vəzifəsi, hərbi rütbəsi və verilmiş əmrlər barədə Arayış;

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azadolmanı müəyyən edən sənəd və ya sənədlər (olduğu təqdirdə);

Bank hesabı barədə məlumat.

1994-cü il fevralın 1-dən 2010-ci il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Ali Məhkəməyə kompensasiyanın ödənişi üçün ayrılmış vəsait cari il üçün nəzərdə tutulduğuna görə kompensasiya almaq hüququ olan şəxslərdən xahiş olunur ki, sənədlərini 1 dekabr 2019-cu ilə qədər Komissiyaya təqdim etsinlər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Döyüşən qocalar: tanıyırıq Oqtayı, olmaz Nazimin tayı

SONRAKI XƏBƏR

Ayaqqabısında narkotik vasitə və psixotrop maddə keçirərkən yaxalandı