Səhiyyə sektorunda ƏDV-nin ləğvi istənilir, nazirliksə RAZILAŞMIR

Səhiyyə sektorunda ƏDV-nin ləğvi istənilir, nazirliksə RAZILAŞMIR

10 oktyabr, Fineko/abc.az. Tibb ictimaiyyəti səhiyyə sahəsinin inkişafı üçün digər ölkələrdəki təcrübəni misal çəkərək xarici dövlətlərdə sözügedən sektorda xidmətlərin ƏDV-dən azad olunduğuna diqqət çəkir. Lakin birtərəfli müqayisə ədalətli nəticə vermir. Tibb xidmətlərinin ƏDV-dən azad olunduğu iddia edilən bir sıra ölkələrdə gəlir və mənfəət vergisinin dərəcəsi çox yüksəkdir.

ABC.AZ xəbər verir ki, bunu Vergilər Nazirliyindən bildiriblər və əlavə ediblər ki, Azərbaycanda orta aylıq əməkhaqqı 500-600 manat civarında olduğu halda, qeyri-neft sektorunda 8.000 manata qədər əməkhaqqı alan şəxslər gəlir vergisindən ümumiyyətlə azaddırlar.

Bu güzəşt daha çox işçilərin əhatə olunması üçün tətbiq edilir: “Özəl klinikalar qeyri-neft sektoruna aid edilir və bu sektorda 8.000 manata qədər əməkhaqqı alan şəxslər gəlir vergisindən azaddır. Tibb müəssisələri əmlak verigisindən azaddır. Üstəlik, maliyyə sektorundan bank kreditlərinin ƏDV-dən azad olunması, bütün sektorlarda olduğu kimi, tibb sahəsində də fəaliyyət göstərən sahibkarlara kredit əldə edilməsi üçün əlverişli şərait yaradıb. Güzəştlər kifayət qədər çoxdur. Tibb sahəsində yetərincə pasiyenti olan mütəxəssislərin bir neçə klinikada fəaliyyət göstərməsi heç kimə sirr deyil. Daha çox gəlir əldə etmək daha çox vergidən yayınmaya deyil, büdcəyə ödənişi daha məsuliyyətlə icra etməyə yönəlməlidir. Bütün bu güzəştlərin tətbiq olunduğu şəraitdə gəlirlərin şəffaf bəyan edilməsi zamanın tələbidir. Dövlət şəffaf münasibətlər sisteminin qurulduğu və maliyyə intizamının təmin edildiyi şəraitdə güzəştlərin davamlı olmasını təmin edə bilər”.

Müəllif: Elmir Murad

Mənbə: abc.az