Kəmaləddin Heydərovdan xəbərdarlıq: “Bu müraciətlərə baxılmayacaq...”

Kəmaləddin Heydərovdan xəbərdarlıq: “Bu müraciətlərə baxılmayacaq...”

 

FHN-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib.

 

“Yeni Sabah” xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olduğunu deyib.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. 

Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Nazir bildirib ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70%-ə qədəri yerli sakinlərdən ibarətdir.

Qeyd olunub ki, 30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq.

Nazirin sözlərinə görə, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib. 

Bu səbəbdən, Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. 

Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir.

Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatıb, 423 evdə bərpa işləri davam etdirilir. Digər bərpaya ehtiyacı olan evlərlə bağlı sənədləşmə işləri başa çatmaq üzrədir və yaxın günlərdə bərpa işlərinə başlanılacaq.

K.Heydərov onu da əlavə edib ki, bölgədə müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşılır. Belə ki, zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Qeyd edilib ki, nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. 

Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk aylarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olub. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilib. 

Müraciətlər çox vaxt zəlzələ ilə əlaqəsi olmayan, baxımsızlıq səbəbindən fiziki köhnəlmiş, habelə bəzi vətəndaşların özləri tərəfindən sonradan müdaxilə edilmiş evlərin, yardımçı tikililər və hasarların, yay aylarında mövsümi istifadə üçün nəzərdə tutulan tikililərin bərpası ilə bağlı olur. 

Buna baxmayaraq, həmin insanlar təkrar baxış üçün müraciət etməkdə davam edirlər. Belə ki, 25 sentyabr 2019-cu il tarixinə qədər zəlzələ bölgəsindən nazirliyə daxil olmuş 6 minə yaxın vətəndaş müraciətinin 2511-i təkrar müraciətdir. Həmçinin, 268 vətəndaşdan 4 və daha artıq müraciət daxil olub. 

Odur ki, ilkin baxış komissiyalarının fəaliyyəti artıq dayandırılıb və nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb. Bundan sonra işlər yalnız bu vaxta qədər tərtib edilmiş aktlar əsasında formalaşdırılmış siyahılar üzrə aparılacaq və evlərin müayinəsi üçün müraciətlərə baxılmayacaq.

Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış ediblər.

Yenisabah.az

Kəmaləddin Heydərovdan xəbərdarlıq: “Müraciətlərə baxılmayacaq...”

Mənbə: yenisabah.az