Marşrut sürücüləri sükan arxasında siqaret çəkməyi hələ tərgitməyiblər

Marşrut sürücüləri sükan arxasında siqaret çəkməyi hələ tərgitməyiblər

Bu gün ictimai nəqliyyatdan istifadə şəxsi avtomobillə müqayisədə daha əlverişli olsa da, bu sahədə olan bir çox problem insanları narahat edir. Təbii ki, bu sıraya nəqliyyat vasitəsindən düzgün istifadə edilməməsi, həddindən artıq sıxlıq, sürücülərin qeyri-etik davranışları və s. daxildir. Sürücülərin sərnişinlərlə dolu olan avtobusda siqaret çəkməsi də ciddi narahatlığa və narazılığa səbəb olan problemlərdəndir. Məsələ ilə bağlı qadağa və qınaqlar olsa da, ancaq problem hələ də tam həllini tapmayıb. Sürücüyə siqaret çəkməsi ilə bağlı irad bildirən sərnişinlər bəzən təhqirlə, dava-dalaşla üzləşirlər.

Avtobusların, demək olar, əksəriyyətində “kamera çəkir” sözü yazılsa da, sistem quraşdırılmayıb. Bu səbəbdən də sürücülər nəzarətsiz qalıb, öz bildiklərini edir, telefonla danışır, siqaret çəkirlər.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi bir müddət öncə sükan arxasında siqaret çəkən avtobus sürücüləri ilə bağlı maraqlı kampaniya başlatdı. Belə ki, vətəndaşlardan kimsə siqaret çəkən sürücünün foto və ya videosunu çəkib BNA-ya göndərərsə, ona hədiyyə veriləcək. Sərnişinlərin bir qismi ictimai qınaq formalaşdırmaq məqsədilə sürücülərin foto və ya videosunun çəkib BNA-ya göndərir.

Mais Ağayev: “Sürücülərin sükan arxasında tütündən istifadəsinə qarşı aparılan mübarizə tədbirlərində vətəndaşların da iştirakını təmin etmək üçün xüsusi layihəyə start verilib”

Avtobus sürücülərinin sükan arxasında siqaret çəkməsinə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd etdi ki, avtobusda olan hər bir sərnişin, bir növ, ictimai nəzarətçi rolunu oynayır: “Həyata keçirilən layihə əsasında 3 ay ərzində BNA-ya sərnişinlər tərəfindən 149 müraciət edilib və 55 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun cənab Prezident tərəfindən təsdiq edildikdən sonra Bakı Nəqliyyat Agentliyi qanunun tələbinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlayıb. İlk növbədə sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılarla görüş keçirilib. Qanunun tələbinin icrası ilə bağlı onlara tapşırıq verilib. Bundan əlavə, sürücülərin sükan arxasında tütündən istifadəsinə qarşı aparılan mübarizə tədbirlərində vətəndaşların da iştirakını təmin etmək üçün xüsusi layihəyə start verilib. Fevral ayından start götürən bu layihə davam edir. Hər üç aydan bir rüblük olaraq layihənin nəticələri elan edilir. Layihə şərtlərinə əsasən, sərnişin sükan arxasında tütündən istifadə edən sürücü gördükdə onun foto və ya videogörüntüsünü qeydə alır. Daha sonra bu materialları, avtobusun nömrəsi və aid olduğu marşrut xətti barədə məlumatları bizə təqdim edir. Bunu sosial şəbəkə və elektron poçt ünvanı vasitəsilə edə bilərlər. Və bu materiallar əsasında da sürücüyə cərimə tətbiq edilir. Bunun özü çox vacib bir layihədir. Çünki artıq sürücülər bilirlər ki, avtobusda olan hər bir sərnişin, bir növ, ictimai nəzarətçi rolunu oynayır. Bu yaxınlarda ən son 3 ayın nəticələri elan edildi. Vətəndaşlarımız tərəfindən bizə 149 faktla bağlı müraciət daxil olub, ötən 3 ayda 55 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb. Onu da qeyd edim ki, 3 aylıq nəticələrə əsasən, fəallıq göstərən sərnişinlər BNA tərəfindən mükafatlandırılır”.

İlqar Hüseynli: “İctimai nəqliyyatda siqaret çəkilməsi qadağandır”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, nəqliyyatda siqaret çəkilməsi qadağandır: "Ancaq fərdi avtomobillərlə bağlı belə bir qadağa yoxdur. Avropa ölkələrində isə hərəkətdə olduğu halda fərdi avtomobil sürücülərinə də siqaret çəkməyə icazə verilmir. Azərbaycanda ictimai nəqliyyatda qanun nə sürücüyə, nə də vətəndaşa siqaret çəkməyə icazə verir. Gəmidə, qatarda isə siqaret çəkmək üçün xüsusi yerlər olur. Taksilərdə isə siqaret çəkmək sürücü və sərnişinin qarşılıqlı razılaşması əsasında ola bilər. Avtobusda siqaret çəkməyin cəriməsi 40-50 manatdır”.

Rasif Bağırov: “Siqaret çəkmək, ilk növbədə, sürücünün diqqətini yayındıra, tüstü onun gözlərinin önünü tuta bilər”

Həkim-ekspert Rasif Bağırov bizimlə söhbətində qeyd etdi ki, siqaret çəkmək, ilk növbədə, sürücünün diqqətini yayındıra, tüstü onun gözlərinin önünü tuta bilər: "Siqaretin tüstüsü onu çəkəndən çox ətrafdakılara ziyan vura bilər. Sürücülər iddia edirlər ki, guya tüstü yanlarında olan pəncərədən bayıra çıxır. Amma belə deyil. İstər-istəməz, tüstü bütün salona yayılır. Əhalinin işdən çıxdığı vaxtlarda avtobusda sıxlıq o qədər olur ki, sürücünün ətrafı dolu olur. Onun çəkdiyi bir siqaret onlarla adama mənfi təsir göstərir. Siqaret tüstüsü qadınlara daha pis təsir edir. Tibbi nöqteyi-nəzərdən siqaret çəkən insan özü ilə bərabər bəlkə də daha çox ətrafındakılara zərər vurur. Yanmış tütün ciyərə çəkilib buraxıldıqdan sonra çıxan tüstü ətrafa daha çox ziyan vurur. Bundan başqa, avtobusda daim siqaret çəkiləndə iy artıq oturur. İçəri daxil olanda xoşagəlməz qoxu olur, bu da sərnişinlərin üzərinə hopur. Onu da bildirim ki, sərnişinlərdən biri sürücüyə siqaret çəkməsi ilə bağlı irad tutanda bəzən qarşı tərəf onu təhqir edir. Bu problemi də ən çox cavan sürücülərdə müşahidə etmişəm. İşə 45-60 yaşlı təcrübəli sürücülər alınsa, daha yaxşı olar. Çünki onlar daha səbirlidir, insanlarla ünsiyyəti də yüksək səviyyədə olur. Xüsusilə Bakı kəndlərinə gedən avtobuslarda siqaret çəkmə halları daha çox olur. Yaxşı olar ki, insanları işə götürəndə hansı aralıqlarla siqaret çəkdiyi ilə bağlı sorğu aparılsın. Daha gec-gec siqaret çəkən insanları işə götürmək onların sonradan işdən çıxarılmasından daha yaxşıdır".

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com