Velosiped yolu salmaq asan deyil - Bakının yolları çox dardır

Bakı küçələrində velosiped yolları hazırlanır. Bütün mərkəzi küçələrdə nəzərdə tutulan veloyolların hazırlanması işlərinə şəhərin mərkəzində, Puşkin bağının yanında start verilib. Bir istiqamətdə eni 1.50 sm – ikitərəfli istiqamətdə isə eni 3 metr olan veloyol dünya standartları səviyyəsində qurulur. Yolda gözdən əlillərin hərəkəti də nəzərə alınıb. Belə ki, veloyollarda sarı rəngli keramika və qranitdən istifadə olunub. Habelə, yol nişanlarının qoyulması da nəzərdə tutulur.

Nəzərə alsaq ki, paytaxtda velosiped yollarının olmaması nəqliyyat infrasturukturunun mövcud problemləri arasındadır. Bəzən velosipedçilərin yol qəzalarında qurban və ya əksinə qəzaya səbəbkar olması hər dəfə bu məsələni gündəmə gətirirdi. Amma bu günə kimi velosipedçilər üçün nəzərdə tutulan xüsusi yollar hazırlanmayıb.

Ekspert: “Hansısa məsuliyyətsiz məmur, kimdənsə 5-10 manat alaraq yol kənarındakı tikiliyə göz yumub. Nəticədə yol genişləndirmək çətin olur"

Məsələyə aydınlıq gətirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sherg.az-a söylədi ki, velosiped yollarının salınması elə də asan məsələ deyil. Çünki zamanında yol infrasturukturumuz normal şəkildə qurulmayıb və bir çox səhvlər buraxılıb.

Ekspertin sözlərinə görə, hazırda həmin səhvləri aradan qaldırmaq üçün dövlətə milyonlar lazımdır:

“Hansısa məsuliyyətsiz məmur, kimdənsə 5-10 manat alaraq yol kənarındakı tikiliyə göz yumub. Nəticədə yol genişləndirmək çətin olur və bunun üçün dövlət həmin şəxsə milyonlarla kompensasiya ödəməlidir ki, obyektlər sökülsün, yol genişləndirilsin və velosiped zolaqları yaradılsın. Bu gün yollarımız həddindən artıq dardır. Xüsusilə şəhər yollarının genişləndirilməsi çox çətindir. Sovet dövründən qurulan yol infrasturukturu bərbad vəziyyətdədir. Hazırda Sulutəpə və Xırdalan ərazisində yeni şəhərsalma prosesi gedir. Bakının mərkəzində buraxdığımız səhvləri həmin ərazilərdə də təkarlayırıq. Həmin yerlərdə də məmurların səhvləri ucbatından evlər necə gəldi tikilir. Gəlcəkdə həmin ərazilərdə sıxlıq yaranacaq. Bu gün deyirlər ki, “Sulutəpə çox uzaqdır”, amma vaxt gələcək şəhərin mərkəzində yaşadığımız problemi orada da yaşayacağıq”.

Velosipedin çox sərfəli nəqliyyat vasitəsi olduğunu deyən E.Muradlı qeyd etdi ki, bununla bağlı qanunvericilik bazamız da var:

“Sadəcə olaraq velosipedi normal idarə etmək üçün şəbəkəmiz yoxdur. Şəhərin mərkəzinə avtomobillərin girişini qadağan edib velosipedə üstünlük verəməliyik. Bu da mümkün deyil. Lakin hər bir halda velosipedi idarə etmək üçün ölkəmizdə şəbəkəni qurmaq lazımdır.

Nə qədər velosipedçiləri maşın vurub öldürür. Keçən il 13 velosipedçi yol qəzalarında həlak olub. Bəzi hadisələrdə velosipedçilərin də günahı var. Çünki yol hərəkəti qaydalarına əməl etmirlər, amma sürücülərin də səhvi ucbatından vurulan velosipedçilər çox olur. Fikrimcə, bu məsələ ilə bağlı ciddi düşünmək lazımdır. Yol infrasturukturu qurmaqla yanaşı, həm də təbliğat aparmaq vacibdir”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Kalaşnikov: "Azərbaycanda rus dilinə olan münasibəti başqalarına nümunə göstərmək olar"

SONRAKI XƏBƏR

"Barattson" özünün ilk səfirini təyin etdi (FOTO/VİDEO)