“Pekin Ekspo” sərgisi başa çatıb - VİDEO

“Pekin Ekspo” sərgisi başa çatıb - VİDEO

Çinin paytaxtında “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusundakı beynəlxalq botanika sərgisi başa çatıb.

Ümumilikdə 110 dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyi Pekin botanika sərgisi müxtəlif ölkələrin bağçılıq, gülçülük, meyvə və tərəvəz yetişdirilməsi, ətraf mühitin qorunması sahələrində nailiyyətlərini, habelə milli mədəniyyətlərini nümayiş etdirmək məqsədi daşıyıb.

Ümumi sahəsi 503 hektar olan sərgini 162 gün ərzində 9,34 milyon nəfər ziyarət edib. Pekin Ekspo sahəsinin böyüklüyünə, iştirakçıların və ziyarətçilərin sayına görə indiyədək keçirilmiş ən böyük botanika sərgisi kimi tarixə düşüb.

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanmış "Azərbaycan: təbiət və incəsənətin harmoniyası" adlı milli pavilyon ilə iştirak edib. Pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib. Onun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edib. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirib. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılıb, ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb. Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış olub, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə ediblər. Burada, həmçinin Azərbaycan milli geyimləri, Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat nümayiş etdirilib.

Sərgidə, həmçinin böyük İpək Yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim edilib.

Milli Pavilyonumuzdakı xalçalarda istifadə olunan rənglər əsasında hazırlanan landşaft dizaynı və Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər, fotostendlər maraqla qarşılanıb.

Təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin Ekspo 2019” sərgisində ikinci yerə layiq görülüb. Azərbaycanla yanaşı, bu mükafatı Türkiyə, Belçika, Sinqapur və Niderland da alıb.

Oktyabrın 9-da sərginin rəsmi bağlanış mərasimi keçirilib. Azərbaycan da daxil olmaqla məhdud sayda ölkə fəxri qonaq qismində mərasimdə iştirak edib. Baş nazirin müavini Hacıbala Abutalıbov əvvəlcə Azərbaycan pavilyonunu ziyarət edib, sərginin fəxri qonaqlar kitabına təbriklərini yazıb.

Bağlanış mərasimində Çinin Baş naziri Li Keçyan çıxış edərək, sərgidə iştirak etmiş ölkələrə minnətdarlığını bildirib. Baş nazir bildirib ki, aprelin 29-da işə başlayan sərgi çərçivəsində ümumilikdə 3284 tədbir, o cümlədən ölkələrin milli günləri, mədəni proqramlar, festivallar keçirilib. Sərginin keçirildiyi ərazinin bundan sonra ekoloji park kimi istifadə olunmasına qərar verilib.

Azərbaycan nümayəndə heyətinin Pekinə səfər çərçivəsində Çinin Baş nazir Li Keçyan ilə görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından danışılıb, "Bir kəmər, bir yol" strategiyasının ölkələrimizin əməkdaşlığını genişləndirmək üçün böyük imkanlar yaratdığı vurğulanıb.

REAL-ın ÇİN bürosu

Mənbə: www.realtv.az