Kənddən gələn tələbə şəhər həyatına necə adaptasiya olmalıdır? - Gənclərə məsləhət

Kənddən gələn tələbə şəhər həyatına necə adaptasiya olmalıdır? - Gənclərə məsləhət

Qoşqar Məhərrəmov: "Göndərilən xərcliyi bir ay müddətində idarə etməyə çalışmaq, əlbəttə ki, müəyyən bacarıqlar, vərdişlər formalaşdıracaq"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Tələbə adını qazanan gənclərin bir qismi həm də ailədən uzaqda - adətən, kirayədə yaşamalı olurlar. Bu da o deməkdir ki, həmin tələbələr şəhər həyatına uyğunlaşmaq, xərclərini idarə etmək və s. kimi məsələləri tənzimləməklə bağlı bir yol keçmiş olurlar. Bəs universitetə yeni qəbul olmuş, başqa şəhərə köçmüş tələbələr bu cəhətdən nələri diqqətdə saxlamalıdırlar?

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, ilk olaraq tələbələr ali məktəb həyatına psixoloji olaraq hazırlaşmalıdırlar: "Özü ilə bağlı "Mən kiməm", "Nələrdən xoşum gəlir", "Xarakterim necədir" kimi suallara cavab tapmalıdır. Çünki özünü tapmış, xarakterinin şəklini çəkmiş insanlar düşdükləri mühitdə özlərini qoruya, öz şəxsiyyətlərini ortaya qoya bilirlər. Bu mənada problemləri olan insanlar düşdükləri mühitdə çoxlu dəyişikliyə məruz qalırlar. Bu dəyişmələr də insanın psixologiyasına zərər yetirir".

Q.Məhərrəmov şəhər mühiti və tələbə həyatına uyğunlaşmaqla bağlı gənclərin diqqət etməli olduğu bir neçə nüansı sadaladı: "Rayon yerlərində, kəndlərdə böyüyən gənclərin orda müəyyən geyim forması var idisə, şəhərə gələndə, dəyişiklik etməlidirlər. Universitet tələbəsinin geyim tərzinə baxıb, özlərini ona görə tənzimləməlidirlər. "Palaza bürün, elnən sürün" kimi yanaşmaqlarını, xoşuna gəlməyən şeyləri dəbə uymaq üçün etməyi demirəm. Müəyyən qədər geyim, moda cəhətdən şəhər həyatının ab-havasına uyğunlaşmaq lazımdır.

Təmizlik məsələsində də diqqətli olmalıdırlar. Məsələn, kənddə, qəsəbədə qidanı qəbul edəndən sonra qalığını, qabını yerə atmaq elə də problem hesab edilmir. Şəhərdə isə bu məsələ çox önəmlidir. Yaxud gənclər ailə mühitində olanda qaldıqları məkanın təmizliyinə valideynlər diqqət edirlər, onlar tələbə vaxtı tək olduqlarından, artıq bu məsələdə çox məsuliyyətsiz olurlar.

İnsanlar arasında məsafənin çox olduğu rayon, kənd, dağ yerlərində, adətən, insanlar daha yüksək səslə danışırlar. Ona görə, ictimai yerlərdə danışarkən səs tonuna diqqət etmək də önəmlidir. Səs tonumuz başqalarını narahat etməyəcək səviyyədə olmalıdır.

Rayon yerlərindən gəlmiş tələbələr bir az özlərinə qapalı ola bilirlər. Bu problemin həlli üçün isə onlar emosional zəkalarını inkişaf etdirməlidirlər. Bəzən emosional zəkaya çox əhəmiyyət vermirlər, amma intellektual zəka qədər, bu da önəmlidir. Emosional zəkalarını inkişaf etdirmək üçün dərslə bərabər, mütəmadi olaraq şəxsi inkişaflarını təmin edə biləcək hansısa mütaliələri olmalıdır.

Bəzən universitet həyatına başlayanda gənclər, ata-anadan ayrı olduqları üçün düşünürlər ki, tam sərbəst olmalıdırlar və ali məktəbə hazırlaşarkən göstərdikləri dərs oxuma performansını göstərmirlər. Deyirlər ki, universitetə gəlmişik ki, gəzək, daha çox asudə vaxt keçirək. Bu düşüncə onların akademik inkişafına pis təsir edir. Bu səbəbdən, bir qisim tələbə ali məktəb dövrünü çox səmərəsiz keçirir. Tələbəlik 4-5 illik zaman intervalıdır, həyatın bəlkə də ən səmərəli vaxtıdır. Bu vaxtı səmərəli istifadə edərək həm dünyagörüşünü artıra, həm öz sahəsini öyrənə, həm də müəyyən işlərdə təcrübə qazana bilərlər".

Mütəxəssis bildirdi ki, ailədən ayrı düşən tələbələr həm də öz büdcələrinə nəzarət etməyi öyrənməlidirlər: "İqtisadi davranış deyilən bir elm var. Tələbələr məhz öz iqtisadi davranışlarına da diqqət etməlidirlər. Kirayə tutduqları evdə kommunal xərcləri bilmək, bu məsələni tənzimləmək lazımdır. Bir ay üçün göndərilən xərcliyi bu müddətdə idarə etməyə çalışmaq, əlbəttə ki, onlarda müəyyən bacarıqlar, vərdişlər formalaşdıracaq. Həmin məbləği 15-ci gündə qurtarırlarsa, kimdənsə borc istəmək məcburiyyətində qalırlar. Bu isə onlarda həmişə borca girmək vərdişi yaratmış olur. Gələcəkdə ailə başçısı olarkən, hər hansı müəssisəni idarə edərkən, artıq bu amil onların iqtisadi davranışlarına təsir edəcək. Belə problem yaşamamaq üçün qərarlı, əzmkar olmalıdırlar. Xərclərini qeyd etməklə, büdcələrinə nəzarət də edə bilərlər. Pulu qazanmaqdan çox, xərcləmək sənətini bilmək lazımdır. Dostlarla necə vaxt keçirmələrini, geyimə də pul xərcləmə məsələsini tənzimləməlidirlər. Bir də, tələbələrin ən böyük problemi odur ki, evdə yemək hazırlamağa tənbəllik edirlər, çox vaxt kafedə yeyirlər. Bu, həm sağlamlıqlarına ziyandır, həm də ciblərinə. Mən Türkiyədə təhsil aldığım müddətdə 8 il subay oldum, həmişə bir çox yeməkləri evdə özüm bişirirdim".

Milli.Az

Mənbə: news.milli.az