AMEA Şəki Regional Elmi Mərkəzin kollektivi Nəsiminin 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə aksiyasına fəal qoşulacaq

AMEA Şəki Regional Elmi Mərkəzin kollektivi Nəsiminin 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə aksiyasına fəal qoşulacaq

Şəki, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağacın əkilməsi təşəbbüsü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi tərəfindən də böyük razılıqla qarşılanıb.

Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Birinci xanımın bu təşəbbüsü Nəsimi poeziyasının beynəlxalq aləmdə təbliğinə, xatirəsinin əbədiləşdirilməsinə, Azərbaycan ədəbi və mədəni irsinin tanıdılmasına, eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına yönələn xeyirxah bir aksiyadır. Bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyətin, dövlət və hökumət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, o cümlədən biz – AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi də fəal qoşulacağıq. Əməkdaşlarımız Azərbaycanın şimal-qərb bölgəsində, bizim üçün ayrılan sahədə ağac əkəcəklər. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyasını özündə ehtiva edən bu genişmiqyaslı tədbirdə canla-başla iştirak edəcəyik. Çalışacağıq ki, ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına kiçik bir töhfə verək”.

Tədbirin ekoloji əhəmiyyətini yüksək qiymətləndirən Yusif Şükürlü deyib: “Məlumdur ki, ağac həyatın və sağlamlığın təbii sipəridir. Canlı həyat üçün zəruri olan havanın təmizlənməsi, yağış yağması, iqlimin tənzimlənməsi, bütün canlıların və bitkilərin qidalanması, böyüməsi ağacdan asılıdır. Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsü biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində çox zəruri tədbirdir. İmkanı olan hər bir vətəndaşın bu işdə iştirak etməsi səhralaşma proseslərinin qarşısının alınması, iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi deməkdir. Məlumdur ki, ağac əkmək savab işdir, ancaq ağaca qulluq etmək ondan da böyük mərhəmət və xeyirxahlıq nümunəsidir. Ona görə calşacağıq ki, əkdiyimiz ağacların qayğısına qalaq, həm təbiətimiz gözəlləşsin, həm də böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin ruhu sevinsin”.

Mənbə: azertag.az