"Milli Şuranın aksiyaları Azərbaycana gələn turistləri ölkədən qaçırır" — General Əliağa Hüseynov

“Yaxşı olar ki, Avropa İttifaqı gedib özündə baş verənlərə qiymət versin. Fransada, Belçikada, Polşada və digər Avropa ölkələrində qanunsuz mitinqlərə qarşı sərt tədbirlər görülür. Əgər bu ölkələrdə qanunsuz mitinqlərə icazə verilərsə, o zaman Avropa bizi nədəsə qınaya bilər. Ona görə də Avropa İttifaqının Azərbaycanı nədəsə ittiham etməyə heç bir haqqı yoxdur”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, ləğv olunmuş keçmiş Respublika Hərbi komissarı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib. 
Deputat deyib ki, bu gün Azərbaycan xalqı qanunsuz aksiyalara qarşı çıxır və Milli Şuraya heç bir dəstək vermir:
"Mən Azərbaycan xalqına üzümü tutub söyləyirəm: 1991-ci ildən 1995-ci ilədək mövcud olan Azərbaycanla indiki Azərbaycanı müqayisə edin. Həmin dövrlə indiki Azərbaycan arasında müsbətə doğru çox böyük fərq var. Əmək haqqlarından tutmuş ölkənin görnüşünə qədər hər şey dəyişərək, inkişaf edib. Milli Şuranın üzvləri də xalqımız kimi buna qiymət verməlidir. Azərbaycan xalqı çox müdrik xalqdır, vətənpərvərdir. Bu gün biz müharibə şəraitində yaşayan ölkəyik. Ona görə müxalifət də böyük qələbəyə qədər hamılıqla iqtidarın yanında olmalıdır".

General qeyd edib ki, indi Milli Şura xarici dairələrin dəstəyi ilə kiçik problemləri qabardaraq, xalqı küçələrə salmağa çalışır:
"Əli Kərimli neçə illərdir ki, bu cür şoular düzəldir. Bunu Azərbaycan xalqı da çox yaxşı görürü. Ona görə də müxalifət yenilənməlidir. Köhnə fikirlə müxalifətçilər getməlidir, onları cavanlar əvəz etməlidir. Ümumiyyətlə, mən küçələrdə "istefa" şüarları səsləndirməyi qəbul etmirəm. Mən bunu bir general kimi tam məsuliyyətimlə söyləyirəm. Əgər müxalifətin hər hansı təklifi varsa, bunu sivil şəkildə də hökumətə çatdıra bilər. Lazım olarsa, Prezidentə müraciət edə bilərlər və ölkə başçısı da onları qəbul edib dinləyər. Bu gün müxalifətin hər bir nazirlə görüşməyə imkanları var. Əgər hər hansı problem varsa, bunu nazirlərə də çatdırıb normal şəkildə həllinə nail olmaq olar. Daha küçələrə tökülüşməklə problem həll olunmaz".
Ə.Hüseynov vurğulayıb ki, Milli Şuranın şəhərin mərkəzində təşkil etmək istədiyi qanunsuz aksiyalar Azərbaycana gələn turistləri də ölkədən qaçırır:
"Ötən il Azərbaycana 1 milyona yaxın turist gəlmişdi, bu il isə 2 milyonu ötüb. Bu çox böyük göstəricidir və Azərbaycan iqtisadiyyatına gəlir gətirir. Bakıya gələn turistlər Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu nəzərə alıb bura gəlirlər. Baxın görün heç turistlər Suriyaya, İraqa gedirlər? Demək ki, Azərbaycanda sabitlik var, ona görə də turistlər bura gəlirlər. Belə olan halda şəhərin mərkəzində insanların istirahət hüququnu pozmaq yolverilməzdir. Çünki qanunsuz aksiyalar şəhəri iflic edir, insanlar narahat olurlar. Təsəvvür edin ki, həmin mitinq günü Bakıda nə qədər xəstə, işə tələsən, məktəbə gedən insanlar var idi. Küçəyə tökülən adamlar həmin insanların işinə ciddi əngəl yaratmışdılar".

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistandan uçan təyyarələr Afrikaya necə silah daşıyıb... SENSASİON araşdırma

SONRAKI XƏBƏR

"Səyahət sevənlər bu kitabı oxumayıblarsa, çox şey itiriblər" - Kitab rəfi