Yuxarı qalxmaq üçün ayaq altına kimi qoyaq?

Yuxarı qalxmaq üçün ayaq altına kimi qoyaq?

Çağdaş Şərq, lap elə götürək Azərbaycan insanı deyir ki, mənim elmi-texniki-mədəni inqilab etməyimə şərait yaradılmır deyə, uğur qazana bilmirəm. Guya Qərb sivilizasiyası filosof və alimlər yetişdirmək üçün ömrü boyu əldən-ayaqdan gedib.

Elmi ilə dünya tarixini dəyişən yəhudilərin görkəmli filosof Spinozaya sui-qəsd təşkil etməsi, kilsənin əvvəlcə edama, sonra isə ömürlük ev həbsinə məhkum edib kor qoyduğu Qaliley, tonqalda yandırılan Cordano Bruno və zəhər içirdilən Sokrata Qərbin etdiklərini xatırlayanda adam Şərqin ətəyində 2 rükət namaz qılmaq istəyir.

Deməyim o ki, Qərb, xüsusən kilsə tərəqqiyə, aydınlara qarşı antoqonist mövqe sərgiləyib daim. Amma bu gün Qərb bütün sahələrdə diktə edən tərəfdir.

Burda önəmli bir nüans var: adlarını çəkdiyimiz fikir adamlarının toplumdan heç bir gözləntisi yox idi və bilirdilər ki, toplum sabah bir barmağın göstərişi ilə onları linç etməyə hazırdır.

Yəni bu adamlar toplumdan, kilsədən heç nə gözləmirdilər, böyük imtina dövrü keçmişdilər.

Doğru tezis. Bəşəriyyətin inkişafı həm də imtinalardan asılıdır və çağdaş dünya düzəni bu günə imtinalarla gəlib çatıb. Məsələn, at arabasından imtina bəşəriyyətə yüksək sürətli avtomobillər, təyyarələr verdi.

Bizim bir toplum olaraq getdikcə geriyə getməyimizin əsas səbəblərdən biri imtinanı bacarmamağımızdır. Bizdə daim kimdənsə nəsə ummaq xəstəliyi var. Məsəlüçün, bir alim deyir ki, dövlət, xalq mənə qiymət (pul) versəydi, bu gün uca dağları yarıb, tutuquşulardan ibarət kəşfiyyat xidməti yaradardım.

Yəni fərd bir nəsnə yaratmaq üçün ayağının altına qoymağa kimisə axtarır. Hər şeyin kəsəsinə, asanına qaçır.

Belə deyim: uğura gedən yol labirintdir, biz onun üzərindən dəmiryolu relsləri çəkirik ki, mənzil başına tez-bazar və asan yolla çataq. Lakin aydındır ki, labirintin doğru çıxışını tapmaq üçün bütün yolları sınamalısan.

Qərbdə heç də həmişə sənətə, elmə yüksək qiymət olmayıb. Hətta orta əsrlərin Avropasında böyük renessans baş verəndə belə fikir adamlarını təqib edir, həbsə atır, yandırırdılar.

Amma qərbli beyni nə etdi? Bütün bunlara rəğmən, öz amalı uğrunda mübarizə apardı. Qərb filosofu dövlətin və xalqın diktəsi, istəyi ilə hərəkət etmədi və son nəticədə qalib gəlməyi bacardı - gözləntidən imtina edərək...

Təbii, bu mövzu sadəcə elm və mədəniyyət sahəsi ilə məhdudlaşmır. Bizim toplumda bütün sahələrdə bu gözlənti xəstəliyini görmək mümkündür: yuxarı qalxmaq üçün ayaq altına kimisə, nəyisə qoymağa çalışırlar.

Halbuki zirvəyə qalxmaq üçün ayağımızın altına məqsədlərimizi qoymalıyıq. Çünki heç bir dayaq məqsədlərimiz qədər sağlam deyil.

Mənbə: axar.az