Sahib Alıyev: 650 min ağac əkilməsi gələcəkdə təqribən 90 min insanın oksigenlə təmin olunması deməkdir

Sahib Alıyev: 650 min ağac əkilməsi gələcəkdə təqribən 90 min insanın oksigenlə təmin olunması deməkdir

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü hər baxımdan alqışa layiqdir. Bu təşəbbüs təkcə böyük Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə ehtiram deyil, həm də onun ruhuna duadır. Üstəlik, bir ağacın insanın gündəlik oksigen tələbatının 14 faizini ödədiyini nəzərə alsaq, onda 650 min ağacın əkilməsi gələcəkdə təqribən 90 min insanın oksigenlə tam təmin olunması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputat qeyd edib ki, bir gündə bu qədər ağac əkilməsi öz kökünə hörmətlə yanaşı, həm də mənəvi sağlamlıq göstəricisidir. Digər tərəfdən, ağac əkmək, böyütmək ekoloji tarazlığın qorunmasına xidmət edir. Ağacların təbiətdə oynadığı rolu hər kəs yaxşı bilir.

“Nəsimi yaradıcılığı çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Onun adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib. Azərbaycan xalqı mütəfəkkir şairi ilə fəxr edir və onun xatirəsinə 650 min ağacın əkilməsi Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, eləcə də Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasına xidmət edir” – deyə S.Alıyev vurğulayıb.

Mənbə: azertag.az