Azərbaycanın doqquz şəhər və rayonunun məktəbliləri cənub bölgəsinə ekskursiyaya gəliblər

Azərbaycanın doqquz şəhər və rayonunun məktəbliləri cənub bölgəsinə ekskursiyaya gəliblər

Lənkəran, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki şəhərindən, Şamaxı, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı və Kürdəmir rayonlarından olan IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 13-də axşam saatlarında Lənkərana gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Lənkərandakı Heydər Əliyev Parkında məktəblilərin qarşılanması mərasimində çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.

Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı “Şah”, “Lux” hotellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərinə yerləşiblər.

Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Mənbə: azertag.az