Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb

Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb

Lənkəran-Astara-Masallı, 14 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 14-də “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Şəki şəhərinin, Balakən, Zaqatala və Qax rayonlarının məktəbliləri Lənkərana, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarının məktəbliləri isə Astara və Masallı rayonlarına səyahət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıqdan sonra “Xanbulan” İstirahət Mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər.

Məktəblilərə məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir və 21 min 435 hektar ərazisi var.

Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Park Hirkan qoruğunun və əlavə olaraq qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESKO-nun tərtib etdiyi “Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olması üçün qeydiyyata alınıb.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.

Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.

Tur aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.

Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı, Dairəvi qala, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarının məktəbliləri isə Astara rayonunda Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, “Yanar bulaq”da və “Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, Uşaq İncəsənət Məktəbində, “ASAN həyat” kompleksində, Viləşçay Su Anbarında və Masallı Sənaye Məhəlləsində olublar.

Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.

Axşam yeməyindən sonra məktəblilər Lənkərandakı “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Mənbə: azertag.az