Havanın çirklənməsi Tehranda məktəblər və uşaq bağçalarının bağlanmasına səbəb olub

Havanın çirklənməsi Tehranda məktəblər və uşaq bağçalarının bağlanmasına səbəb olub

İranın paytaxtı Tehranda havanın çirkliliyi təhlükəli həddə çatdığına görə, çərşənbə günündən etibarən məktəblərin bağlanmasına göstəriş verilib.

Qubernator Ənuşirəvan Möhseni-Bəndpəy şəhərin Qarçak, Pişva və Varamin rayonlarında uşaq bağçaları, məktəbəqədər ocaqlar və ibtidai məktəblərin bağlanacağını bildirib.

"Tehran şəhərinin havası həssas qruplar üçün keyfiyyət indeksi statusundan keçməyib" - deyə, İRNA dövlət xəbər agentliyi qubernatora istinadən bildirib.

Onun sözlərinə görə, havaya buraxılan təhlükəli hissəciklərin orta konsentrasiyası şəhərdə hər kub-metr üçün 133 mikro-qrama çatıb və 10 rayonda onun həcmi daha yüksək, 150-yə qədərdir.

Ümumdünya Səhiyyə Təşkilatı 24 saatlıq müddət üçün maksimum səviyyənin 25 mikro-qram olmasını tövsiyə edir.

Uşaqlar, hamilə qadınlar, yaşlılar, ürək-damar və ya tənəffüs xəstəliklərindən əziyyət çəkən insanların qapalı şəraitdə qalması üçün xəbərdarlıqlar edilib.

Mənbə: www.amerikaninsesi.org