Bakı dünya nəqliyyat xəritəsini yenidən tərtib etdi - Deputat

Bakı dünya nəqliyyat xəritəsini yenidən tərtib etdi - Deputat

Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycanda son illər dəmiryolu infrastrukturuna böyük investisiyalar qoyulur və bu da öz nəticəsini göstərir:

“Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nəqliyyat siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Bu gün Azərbaycan dəmiryolu sahəsində logistik mərkəzə, tranzit ölkəyə çevrilir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Bakı-Tiflis-Qars və digər beynəlxalq, regional nəqliyyat dəhlizlərinin reallaşdırılması, qlobal işlərin həyata keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü və ciddi səyi, əzmkarlığı sayəsində öz həllini tapır”.

Millət vəkili bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti dünyanın nəqliyyat xəritəsini yenidən tərtib etdi:

“Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmiryolu çox mühüm əhəmiyyət daşıyır. Bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir, ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini verir. Düşünürəm ki, bütün bunlar bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividentlər gətirəcək”.

Mənbə: axar.az